Prezident İlham Əliyev: “Bu gün isə onu görürük ki, bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir”
Bakı Ekspo
Mərkəzində 2 iyun 2025-ci ildə başlayan Bakı Enerji Həftəsi çərçivəsində üç
mühüm tədbir keçirilir. Belə ki, 3-5 iyun tarixlərində təşkil olunan bu sərgi,
Xəzər regionunun ən böyük neft və qaz sərgisi olaraq tanınır. Bu il 31 ölkədən
250 şirkət iştirak edir və sərgi sahəsi 4345 kvadratmetr təşkil edir. Eyni
tarixlərdə keçirilən bu sərgi, regionda enerji və yaşıl enerji sahələrindəki
yenilikləri təqdim edir. Sərgidə enerji istehsalı, bərpa olunan enerji
mənbələri və yaşıl texnologiyalar mövzuları ön plandadır.
4-5 iyun
tarixlərində keçirilən bu forumda, enerji sahəsindəki qlobal əməkdaşlıq, dayanıqlı
enerji gələcəyi və yaşıl enerji mövzuları müzakirə olunur. Forumda SOCAR
prezidenti Rovşən Nəcəfov, bp Azərbaycanın regional prezidenti Qari Conson və
digər beynəlxalq şirkətlərin nümayəndələri çıxış edirlər. Forumun proqramında
rəqəmsallaşma, karbon emissiyalarının azaldılması və enerji bazarlarının
gələcəyi kimi mövzular da yer alır.
Bakı Enerji Həftəsi, Azərbaycanın enerji
sahəsindəki mövqeyini gücləndirmək və beynəlxalq əməkdaşlığı inkişaf etdirmək
məqsədini daşıyan önəmli bir tədbirdir. Qeyd edək ki, neft və qaz sərgisinin
açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də
iştirak edib. Cənab Prezident açılış mərasimində çıxışında deyib ki, ilk
neft-qaz sərgisi 1994-cü ildə təşkil edilmişdir: “Həmin sərgidən dərhal sonra Azərbaycan
beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi”
adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən
sazişi imzaladı. Bunlar Prezident Heydər Əliyevin baxışı sayəsində mümkün oldu.
O, aydın şəkildə anlayırdı ki, xüsusilə də enerji sahəsində geniş beynəlxalq
əməkdaşlıq olmadan - nəzərə alsaq ki, o zaman bizim iqtisadiyyatımızın ən
cəlbedici sahəsi məhz enerji idi, - Azərbaycan çətinliklərin öhdəsindən gələ
bilməyəcək və həqiqi müstəqil dövlət ola bilməyəcək.
Çünki bu gün həmin dövrə nəzər salanda aydın
olur ki, müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı. O zaman
Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab
edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic
vəziyyətində idi, inflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü.
Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində 100
minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Təsəvvür edirsiniz ki,
gələcəklə bağlı nə dərəcədə qaranlıq mənzərə yaranmışdı?! Bu gün isə onu
görürük ki, bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı
qüvvəsidir”. Bakıda 1994-cü ildə təşkil olunan ilk neft-qaz sərgisi müstəqil
Azərbaycanın enerji sahəsində beynəlxalq arenada ilk böyük addımlarından biri
hesab olunur. Bu sərgi — Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (Caspian Oil
& Gas) — o vaxtdan etibarən hər il keçirilir və bu günə qədər Xəzər
regionunun ən nüfuzlu enerji tədbirlərindən birinə çevrilmişdir.
1994-cü
ildə keçirilən bu ilk sərginin əhəmiyyəti təkcə texniki və kommersiya tərəfləri
ilə deyil, həm də “Əsrin müqaviləsi” adlanan neft müqaviləsinin eyni ildə
imzalanması ilə daha da artmışdır. Həmin il Azərbaycan dünya enerji bazarına
açılmağa başladı və bu sərgi də həmin prosesin ayrılmaz hissəsinə çevrildi.
1994-cü
ildə Bakıda keçirilən ilk Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (Caspian Oil
& Gas) Azərbaycanın enerji siyasətində dönüş nöqtəsi oldu. Bu sərgi ilə
Azərbaycan ilk dəfə beynəlxalq enerji ictimaiyyətinə açıldı və xarici
investorların marağını cəlb etdi. Elə həmin ilin 20 sentyabr 1994-cü il
tarixində isə Azərbaycan hökuməti beynəlxalq neft şirkətləri konsorsiumu ilə
tarixi bir saziş imzaladı. Bu müqavilə sonradan “Əsrin müqaviləsi” kimi
tanındı. “Əsrin müqaviləsi”nin imzalanmasında məqsəd Xəzər dənizinin Azərbaycan
sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının işlənməsi idi.
Bunun nəticəsi olaraq Azərbaycan dünya enerji bazarına inteqrasiya olundu.
Xəzər regionunun geosiyasi çəkisi artdı. Bakı-Tbilisi-Ceyhan (BTC) neft
kəmərinin əsası qoyuldu. Neft gəlirləri Azərbaycanın iqtisadi inkişafına və
müstəqil dövlət quruculuğuna təkan verdi. Bütün bunlar göstərir ki, 1994-cü
ildəki sərgi sadəcə texniki və sənaye tədbiri deyil, həm də böyük bir geosiyasi
mərhələnin başlanğıcı oldu. Bu səbəbdən də, sərgi və “Əsrin müqaviləsi” tarixdə
bir-biri ilə sıx bağlı olan strateji hadisələr kimi xatırlanır. Ölkə başçısının
qeyd etdiyi kimi bu strateji uğurlar Prezident Heydər Əliyevin uzaqgörən siyasi
baxışı və liderliyi sayəsində mümkün oldu. Ulu Öndər Heydər Əliyevin rolu bu
prosesdə həlledici idi. 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Heydər
Əliyev ilk olaraq ölkədə daxili sabitliyi bərpa etdi. Siyasi sabitlik xarici
investorlar üçün əsas şərt idi. Enerji siyasətində milli maraqlar qorundu.
Heydər Əliyev Azərbaycanın neft ehtiyatlarını beynəlxalq bazara çıxarmaqla
yanaşı, milli maraqları da təmin edən balanslı siyasət yürütməyə nail oldu.
“Əsrin müqaviləsi” onun bu siyasətinin nəticəsi idi. Əsas məsələ odur ki,
geosiyasi tarazlıq yaradıldı. Heydər Əliyev sazişə müxtəlif ölkələrdən olan
enerji şirkətlərini cəlb etməklə, regionda geosiyasi tarazlıq yaratdı. ABŞ,
Rusiya, Böyük Britaniya, Türkiyə kimi ölkələrin şirkətlərinin iştirakı bu
strategiyanın tərkib hissəsi idi. Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin
təşəbbüskarı da Ulu Öndər Heydər Əliyev olmuşdur. Heydər Əliyev bu kəməri
sadəcə texniki layihə deyil, Azərbaycanın müstəqilliyini və enerji
təhlükəsizliyini təmin edən strateji xətt kimi gördü.
1994-cü
ildə keçirilən ilk Caspian Oil & Gas sərgisinin arxasında da Heydər
Əliyevin “Azərbaycanı dünya enerji xəritəsinə daxil etmək” məqsədi dayanırdı.
Heydər Əliyev olmasaydı, nə “Əsrin müqaviləsi”, nə də sonrakı enerji strategiyaları
bu formada həyata keçirilə bilməzdi. Onun dərin strateji baxışı, qətiyyəti və
diplomatik ustalığı sayəsində Azərbaycan bu gün dünya enerji bazarının mühüm
iştirakçılarından birinə çevrilib. Bu səbəbdən, Bakı Enerji Həftəsi və “Caspian
Oil & Gas” sərgisinin 30 illiyi, həm də Heydər Əliyevin dövlətçilik irsinin
və enerji siyasətinin uğurlarının təsdiqidir.
Aybəniz Rüstəmova
Avrasiya universitetinin Humanitar fənlər və
regionşünaslıq
kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru,
dosent