"1978-1979-cu illərdə belə bir yanaşma var idi ki, İranda Təbriz nəyi dəstəkləsə, o baş tutur, əleyhinə olsa, heç nə alınmır. Həmin dövrdə də Təbrizin inqilabi coşqusu və fəallığı sayəsində Şah rejimi devrildi və Moğollar hakimiyyətə gəldi."
Politoloq Əli Mustafa bunu News365.az-a açıqlamasında deyib.
"O vaxt belə bir fikir mövcud idi ki, İranda baş verən bu dəyişikliklərdə, bu inqilablarda Təbriz və azərbaycanlılar yeni hakimiyyətin əsas qüvvələrindən biri olmalıdır. Həmçinin, Güney Azərbaycan türklərinin hüquqları qorunmalıdır. Ancaq sizin də qeyd etdiyiniz kimi, son 46 il ərzində təəssüf ki, onların heç bir haqqı müdafiə olunmadı. Şah dövründəki məhdudiyyətlər qalmaqla yanaşı, hətta daha da ağırlaşdı, daha da sistemli hala gəldi.
Elə bir vəziyyət yaranıb ki, bu gün hətta İran prezidenti belə təzyiq altındadır ki, İranın dövlət dili fars dilidir. Təsəvvür edin ki, İran əhalisinin böyük bir hissəsi, yarısından çoxu türklər olduğu halda, İranda türk dili dövlət dili statusuna malik deyil, türk dilində məktəblər yoxdur. Bu, açıq-aşkar haqsızlıq və ədalətsizlikdir. Hətta dövlət başçısının belə öz dilində danışa bilməməsi və ya İranda əhalinin çoxluğunu təşkil edən insanların dilində rəsmi danışığa icazə verilməməsi göstərir ki, İran rejimi avtoritar bir rejimdir və xalqın hüquq və azadlıqlarını nəzərə almır. Ən təbii hüquq olan ana dilində danışmaq, oxumaq, yazmaq, ədəbiyyatını və mədəniyyətini inkişaf etdirmək kimi haqlar belə tanınmır.
Bütün bunlar Güney Azərbaycanda da müəyyən gərginlik və narazılıq yaradır. İran rəhbərliyi də bunu yaxşı bilir. Bəzən dini liderin azərbaycanlı olduğu deyilir, amma bu, həqiqətə uyğun deyil. Sadəcə olaraq, o, Azərbaycanın müəyyən bir yerində yaşayıb, Xameney kəndində böyüyüb və orada Azərbaycan türkcəsini öyrənib. Bəzən də bunu manipulyasiya üçün istifadə edir, sanki azərbaycanlıların hüquqları qorunurmuş kimi göstərməyə çalışır.
Onun Azərbaycanla bağlı şeir səsləndirməsi də manipulyativ xarakter daşıyırdı. Əslində, Təbrizlilərin və ümumiyyətlə, İranda yaşayan azərbaycanlıların hüquqları ilə bağlı heç bir ciddi addım atılmır. Əslində, heç adi addımlar da atılmır.