Şərqi Ukraynadakı ərazilərin taleyi ilə bağlı gərgin danışıqlar davam edir. Donbass və Zaporojye bölgələrinin statusu, ərazilərdəki resursların idarəçiliyi və tərəflərin güzəşt imkanları beynəlxalq diqqət mərkəzindədir. Rusiya və Ukrayna arasında şərqi Ukraynadakı ərazilərin gələcəyi ilə bağlı danışıqlar çətin mərhələdədir.
Politoloq Zaur Məmmədov News365.az-a açıqlamasında bildirib ki, əsas müzakirə mövzusu Donbass və Zaporojye bölgələrinin statusu və bu ərazilərdəki resursların gələcək idarəçiliyidir.

Onun sözlərinə görə, Rusiyanın mövqeyi əsasən Donbassın tamamilə Rusiyaya verilməsinə yönəlib, yəni hazırda Ukrayna ordusunun idarə etdiyi ərazilərin Rusiyanın nəzarətinə keçməsini istəyirlər. Avropa tərəfi isə ərazilərin demilitarizasiya olunması və Zaporojye ilə Xirsin bölgələrinin statusunun müəyyənləşdirilməsinə tərəfdardır.
Politoloq əlavə edib ki, bu məsələlər çox çətin və həssasdır:
“Danışıqlar həftələr, bəlkə də daha uzun müddət davam edə bilər. Burada ərazilərin güzəştə getməsi, Rusiyanın aktivlərinin statusu və hüquqi çərçivələr məsələsi var. Zelenskiy Konstitusiya baxımından ərazi güzəştinə getmək imkanına malik deyil, lakin qərar vermək zəruridir”.
Zaur Məmmədov bildirib ki, danışıqların gedişi həm təhlükəsizlik, həm də geosiyasi məsələlər baxımından diqqətlə izlənilməlidir.