2025-ci ilin yanvar-may ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.
Bu barədə News365.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3797 cinayət faktı aşkarlanmışdır. Onlardan 1139-u narkotik vasitələrin qanunsuz satışı, 2616-ı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 40-ı narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 3 ton 313 kq 859,7 qram narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 905 kq 356,243 qramını marixuana, 188 kq 156,45 qramını heroin, 76 kq 040,847 qramını tiryək, 33 kq 150,438 qramını həşiş,21 kq 438,927 qramını digər narkotik vasitələr və 89 kq 716,795 qramını psixotrop maddələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 5183 ədəd metadon, 8235 ədəd çətənə və 600 qr xaş-xaş bitkisi, eləcə də 32 qram, 95 həb,39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülmüşdür.
Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 97 hektar sahədən 17590 ədəd, 4 ton 094 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə xaş-xaş bitkiləri müəyyən olunaraq müvafiq qaydada məhv edilib.