“Bu gün təkcə sahibkarların günü deyil“ - Eldəniz Əmirov

“Bu gün təkcə sahibkarların günü deyil“ -  Eldəniz Əmirov
25 Apr 2024 15:24

25 aprel Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir.

Ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədi ilə  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 21 aprel 2016-cı il tarixli Sərəncamına əsasən hər il aprelin 25-i Azərbaycan Respublikasında “Sahibkarlar Günü” kimi qeyd edilir.

Bununla bağlı fikirlərini News365.az-a danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, sahibkarlığın nə qədər önəmli olduğunu göstərmək üçün Qlobal Sahibkarlıq Sammitinin (GES) və Qlobal Sahibkarlıq Monitoru (GEM hesabatına diqqət etmək lazımdır:

"Hesabatda bildirilir ki, hələ sahibkarlığa ciddi zərər vuran pandemiyanın olduğu 2020-ci ildə belə pandemiya olduğu bütün dünyada sahibkarlar 148 milyon yeni iş yeri yaradıblar ki, bu da qlobal işçi qüvvəsinin 42%-nə bərabərdir. GES hesabatda həm də bildirilir ki, kiçik və orta sahibkarlıq (KOB) dünya üzrə bütün bizneslərin 90%-ni təşkil edir.

GES və GEM –in hesabatını kənara qoyub, inkişaf edən, sosial rifahı yüksək olan hansı ölkəni götürüb baxsaq, görərik ki, bu ölkələr KOB-ları ən yüksək səviyyədə inkişaf edən ölkələrdir. Odur ki, ölkəmiz üçün də kiçik və orta biznes subyektlərinin əhəmiyyəti müqayisəyə gəlməzdir.

Bu gün Azərbaycanda Sahibkarlar Günü qeyd edilir. Bu münasibətlə ölkəmiz üçün son dərəcə önəmli olan bu fəaliyyət sahəsinin bütün subyetlərini, KOB subyektlərimizi, o cümlədən qadın sahibkarlarımızı, gənc sahibkarlarımızı və sosial sferaya həssas sahibkarlarımızı səmimi qəlbdən təbrik edir və fəaliyyətlərində uğurlar arzulayıram!"

İlhamə Qiyas, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər