Beş saatlıq müzakirələr çıxış yolu tapmadı

Beş saatlıq müzakirələr çıxış yolu tapmadı
09:35

Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və prezidentin kürəkəni Cared Kuşner arasında keçirilən görüş başa çatıb.

Danışıqlar təxminən beş saat davam edib. 

News365.az xəbər verir ki, görüşdən sonra jurnalistlərə prezidentin köməkçisi Yuri Uşakov məlumat verib.

Uşakov bildirib ki, tərəflər ABŞ-ın təqdim etdiyi sənədləri müzakirə edib. Onun sözlərinə görə, Vaşinqtonun Moskvaya ötürdüyü materiallar Ukrayna üzrə uzunmüddətli nizamlanmaya aiddir. Lakin Rusiya və ABŞ danışıqların məzmununu açıqlamamaq barədə razılığa gəlib.

Prezidentin köməkçisi deyib ki, amerikalı təmsilçilər konkret formulaları deyil, ümumi konsepsiyanı müzakirə ediblər. Uitkoff və Kuşnerin ABŞ-a qayıdaraq danışıqların nəticələrini prezident Trampa çatdıracağı, sonra isə Moskva ilə yenidən əlaqə saxlayacağı gözlənilir. Uşakov həmçinin qeyd edib ki, ABŞ və Rusiya prezidentləri arasında yeni görüş hələ planlaşdırılmır.

Onun sözlərinə görə, Moskva Tramp administrasiyasından ilkin 28 bəndlik planla yanaşı, əlavə dörd sənəd də alıb. Bu materiallar üzrə ümumi tezislər müzakirə olunub.

Uşakovun sözlərinə görə, tərəflər ABŞ-ın təqdim etdiyi “sülh planı” çərçivəsində Ukraynanın ərazi məsələlərini də müzakirə edib. Lakin kompromisə gəlmək mümkün olmayıb. Rusiya hesab edir ki, amerikalıların irəli sürdüyü bəzi təkliflər qəbuledilməzdir.

“Territorial məsələlər də qaldırıldı... Ukrayna üzrə kompromis variantı hələ yoxdur, bəzi təkliflər Rusiyaya uyğun gəlmir”, – deyə Uşakov bildirib. O əlavə edib ki, bəzi Amerika yanaşmaları Moskva üçün məqbul sayılsa da, bir sıra məqamlar ciddi tənqidə səbəb olub.

Bununla yanaşı, Uşakov danışıqları “faydalı və konstruktiv” adlandırıb. Onun sözlərinə görə, tərəflər nə sülhə daha yaxınlaşıb, nə də ondan uzaqlaşıb, vəziyyət dəyişməz qalıb.

Danışıqlarda Ukrayna ilə bağlı paketlə yanaşı, Rusiya–ABŞ iqtisadi əlaqələri də müzakirə olunub.

Prezidentin köməkçisi Cared Kuşnerin prosesə qoşulmasını da şərh edib. O, Kuşnerin Yaxın Şərq üzrə iş təcrübəsini xatırladaraq, hazırda ABŞ-ın Rusiya və Ukrayna dosyesi üzrə də fəal işlədiyini bildirib.

“Bəli, bu, nisbətən yeni fiqurdur, lakin o, Uitkoffla birlikdə Yaxın Şərqdə çox məhsuldar işləyib... İndi isə artıq müəyyən müddətdir ki, Rusiya-Amerika və Ukrayna məsələlərinə qoşulub və hazırlanan sənədlərin formalaşdırılmasında fəal iştirak edib”, – deyə Uşakov vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada