Tanınmış diktor, Əməkdar artist Tamilla Ələkbərova:
"Belə nöqsanları ali təhsilli jurnalistlərdə görəndə daha çox məyus oluram, ürəyim ağrıyır."
Hər kəs onun məlahətli, cazibədar səsinin, aydın, gözəl nitqinin vurğunu olub. Yüksək efir mədəniyyəti, kübarlığı ilə hər zaman tamaşaçı könlünü oxşayıb. Bu səbəbdəndir ki, illər ötsə də ona olan tamaşaçı sevgisi azalmayıb. Layiq görüldüyü çoxsaylı təltifləri sırasına bu günlərdə biri də əlavə olundu- Azərbaycan televiziya və radio sahəsinin inkişafında xidmətlərinə görə "Humay" Milli Mükafatı.
News365.az Azərbaycan diktorluq sənətinin tanınmış nümayəndəsi, Əməkdar artist Tamilla Ələkbərovanı bu münasibətlə təbrikə tələsdi.

-Tamilla xanım, "Humay" Milli Mükafatına layiq görülməyiniz münasibətilə sizi təbrik edirəm.
-Təşəkkür edirəm. Çəkdiyi zəhmətin qiymətini alanda insan çox fərəhlənir. Bir də ona görə sevinirəm ki, bu mükafatı mənə çox dəyərli ziyalılarımız təqdim etdilər. Mötəbər milli mükafata layiq görüldüyüm üçün özümü xoşbəxt hiss edirəm. Möhtərəmlər Şurasına minnətdarlığımı bildirir, laureatlara uğurlar arzulayıram.
-Uzun illər çalışdığınız, taleyinizi bağladığınız Azərbaycan Televiziyasından, mavi ekrandan uzaq düşməyiniz sizi darıxdırmır?
-Əlbəttə ki darıxdırır. Bir dəfə məndən müsahibə alırdılar. Soruşdular ki, televiziya sizin üçün nədir? Dedim ki, televiziya xəstəlikdi- tək mənim üçün yox, bu sahəyə ömrünü bağlayanların hamısı üçün. O xəstəliyin müalicəsi yoxdur.

Beş il "Çaşıoğlu" şirkəti ilə yaradıcılıq ünsiyyətində oldum. Onların 1-10-cu siniflər üçün hazırladığı dərsliklər mənim səsimlə iki-azərbaycan və rus dilllərində əvvəl disklərə, daha sonra audio-viziual disketlərə yazılıb məktəblərə paylandı. Belə bir formatda əlavə dərs vəsaiti məktəbəqədər uşaqlar üçün də işlənib hazırlandı və onlara çatdırıldı.

-18 yaşında diktorluq müsabiqəsinə gələndə Azərbaycan Dövlət Televiziyası qarşısında yaşadığınız heyrəti, heyranlığı bu gün də qoruyub saxlaya bilmisinizmi?
-Əlbəttə, qoruyub saxlamışam. Ömrümün sonuna kimi də saxlayacam. Çünki bu, çox sehrli peşədir. Kim bu peşəyə könül verirsə, bağlanırsa, işdən ayrılandan sonra o nisgili daim özü ilə gəzdirir. Çətindi onu qəlbdən çıxartmaq.
Televiziya uşaqlıqdan məni özünə cəlb edib. Mərhum qardaşım Əmənulla Rəsulov Azərbaycan Dövlət Dram Teatrında aktyor kimi çalışırdı. Sonra İncəsənət İnstutunun "mədəni-maarif işi" fakültəsində dərs dedi. Teatrda işlədiyi dövrdə o, həmişə məni tamaşalara baxmağa aparardı. Həvəsim olsa belə, aktrisa ola bilməzdim. Çünki atam, qardaşım o dövrdə icazə verməzdilər. Amma incəsənətə böyük sevgim, istəyim var idi. Elə bu sevgi günlərin birində məni Azərbaycan Televiziyasına gətirdi.

O vaxt diktorluq müsabiqəsində 800 nəfər namizədin içindən seçildim. Gələnləri "ələdilər"- yüz nəfər, sonra yeddi, axırda qaldıq üç nəfər. Bir ay sınaqdan keçməli olduq. Bizdən iki- azərbaycan və rus dillərində səlist danışmaq tələb olunurdu. O mərhələləri keçdim. Sınaq dövründə öz üzərimdə çox çalışdım. Həmin vaxtlar canlı konsertləri elan edirdik. Yarım saat- qırx dəqiqə canlı efirdə olurduq. Sonra bizə proqramı azərbaycan və rus dillərində oxumağı tapşırdılar. Daha sonra verilişlər, nəhayət, xəyallarımda olan "Günün ekaranı"na çatdım. Ən böyük arzuma qovuşdum. O vaxt radioda baş diktor vardı- Allah ona rəhmət eləsin- Nizami Məmmədov. "Günün ekranı"na ilk dəfə onunla çıxdım. Çox gözəl səsi vardı. Yanında oturmuşdum. Titrəyirdim qorxudan. Görəsən, necə olacaq? Efir zamanı bir yerdə "büdrədim". Bizi tək-tək göstərirdilər. Nizami müəllim tez əlilə mənə işarə edib sakitləşdirdi. Axıra qədər oxudum. Proqram bitəndən sonra Nizami müəllim mənə dedi ki, qızım, əla oldu. Öz üzərində yenə işlə. Birinci dəfə üçün çox yaxşıdı. Özümü çox xoşbəxt hesab edirəm ki, belə bir dövrdə işləmişəm. Xeyirxahlıq, ədəb-ərkan, böyük-kiçiyə hörmət, dürüstlük vardı. Həmin illərdə ən böyük qazancım sevgi dolu dostlar oldu. Heç tanımadığım insanlar olur ki, məni indi də küçədə görəndə yaxınlaşırlar, mehribanlıqla görüşürlər, şəkil çəkdirmək istəyirlər. Belə məqamlar qəlbimə xoş duyğular bəxş edir. Demək ki, bu illərdə tamaşaçı rəğbəti qazana bilmişəm.
-"Vaxt qızıldır"- deyə çox işlək ifadə, fikir var. Əslində, deyildiyindən də qiymətlidir. Çünki vaxtı nə almaq olar, nə satmaq, nə də saxlamaq. Onun dəyərini qədərincə bilirikmi?- istər iş, istərsə ailə həyatında.
-Mən həmişə çalışmışam ki, hər saatın, dəqiqənin, saniyənin qədrini bilim- istər iş, istərsə ailə həyatımda. Əgər mən bu gün "Günün ekranı"nı oxuyacaqdımsa, cədvəldə yazılırdı ki, saat 7-də işdə olmalıyam. "Günün ekranı" əvvəllər saat 8-də, sonralar 9-da başlayırdı. Mən yazıldığından bir saat qabaq gəlirdim işə. Deyirdim, mən gözləsəm olar, əsas odur ki, məni gözləməsinlər. Evdə də çalışırdım ki, heç kimə zəhmət verməyim. Qaynanamı əziyyətə salmazdım, bütün işləri özüm görərdim ki, işə gedəndə evdən nigarançılığım olmasın.

-Tamilla xanım, səsin də öz xarakteri var. Bu xarakteri həm də insanın daxili aləminin aynası hesab etmək olarmı? Məsələn, o vaxtlar mən belə düşünürdüm ki, "Xəbər" diktoru yəqin ki, həyatda da ciddidir.
-Teleiziyada işlədiyim dövrdə mən heç vaxt musiqili-əyləncəli proqramlar aparmamışam. Yalnız "Arzu" musiqi poçtu. O da ki, tamaşaçıların arzusu, xahişi ilə. Həmin verilişi 5 il apardım. "Səadət" qadınlar jurnalı. Ciddi proqram idi. Respublikamızın tanınmış qadınlarını televiziyaya dəvət edir, onlardan müsahibə alır, tamaşaçılara yaxından tanıdırdıq. Veriliş "Mavi işıq" formatında idi, tamaşaçılar tərəfindən maraqla qarşılanırdı.
-Müasir televiziya şəbəkəsi diktorluq peşəsini getdikcə unutdurur. Bu, sizə ağır gəlmir?
-Mən buna çox təəssüf edirəm. Çünki diktorluq böyük məktəb idi. Tələbkarlıq, məsuliyyət var idi. Hörmət, izzət, işə qiymət var idi.
İndi də məni verilişlərə dəvət edirlər. Çalışıram çox getməyim. Çünki indiki efir mühiti başqadı.
-İndiki telekanallarda dil normaları necə qorunur?
-Bizim gözəl, zəngin ədəbi dilimiz var. Efirdə bu məsələyə xüsusi həssaslıq göstərilməlidir. Adi bir misal: "Ç" hərfinin tələffüzü. Mən aparıcılarımıza yorulmadan deyirəm- bu hərfin səslənməsində diqqətli olun. Məsələn, "çörək", "çay" və s. kimi tərkibində "c" hərfi olan sözləri aparıcılar efirdə çox zaman düzgün tələffüz etmirlər. Belə nöqsanları ali təhsilli jurnalistlərdə görəndə daha çox məyus oluram, ürəyim ağrıyır.
-Çox adam vaxtdan gileylənir. Günlər, aylar tez ötüb keçir- deyirlər.
-İstədin-istəmədin, belədir. Vaxtı tutub saxlamaq mümkün deyil. İnsanı sabaha ümidləndirən arzularıdı. Ailəmdən çox razıyam. Yoldaşım çox gözəl insan idi, amma qısqanclığı vardı. İki qızım var- ikisi də ali təhsillidi. Ailəlidilər. Üç nəvəm, iki nəticəm var. Allah hamıya qismət eləsin.

P.S ...Bu yerdə sözlərinə ara verdi. Eyni səmimiyyətlə, bu dəfə təbəssüm dolu səslə,- "Bəlkə bu qədər bəs edər? Düzü, yoruldum. Elə bil ki, "Günün xəbərlər" proqramını oxudum."-dedi.
Çox hörmətli, tanınmış diktorumuz Tamilla xanımı suallarımla yorsam da, onu xəyalən "Günün xəbərləri"nə qovuşdurduğum üçün sevindim.
Nazim Əlifov