Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar son zamanlar gözlənilməz hüquqi təzyiqlə üzləşirlər. Banklar ödənilməyən borcları bərpa etmək üçün artıq borclunun özü ilə kifayətlənməyib, onun həyat yoldaşının da maliyyə mənbələrinə əl uzatmağa başlayıblar.
Mövzu ilə bağlı News365.az-a açıqlama verən tanınmış hüquqşünas Əkrəm Həsənov bankların son dövrdə tətbiq etdiyi bu yeni mexanizmin mexanizmini və ondan qorunma yollarını açıqlayıb.
Maliyyə tələbi həyat yoldaşının pensiyasına necə yönəldilir?
Hüquqşünasın sözlərinə görə, borclunun rəsmi qazancı olmadıqda banklar icra məmurları vasitəsilə digər tərəfin gəlirlərinə yönəlirlər:
"Təsəvvür edin, qadının banka ödənilməmiş kredit borcu var, lakin heç bir gəlir mənbəyinə malik deyil. Həyat yoldaşı isə pensiya alır. Bank icra organına müraciət edərək tələbin ərin pensiyasına yönəldilməsini nail olur və icra məmuru pensiyanın 50%-dək hissəsini tutmağa başlayır."
Problemin hüquqi kökü və yeganə çıxış yolu
Ə.Həsənov bildirir ki, bu praktikanın hüquqi əsası Ailə Məcəlləsində ər-arvadın nikah müddətində qazandığı əmlak və gəlirlərin ümumi birgə mülkiyyət sayılmasıdır. Banklar da məhz bu maddədən istifadə edərək borcu ailənin ümumi öhdəliyi kimi qələmə verirlər.
Bankların bu tələbindən sığortalanmağın yeganə yolu:
Nikah müqaviləsinin bağlanılması: Ailədə hər kəsin qazancının, əmlakının və pensiyasının fərdi mülkiyyət olduğunu rəsmiləşdirən nikah müqaviləsi bağlamaq lazımdır.
Proses başladıqdan sonra da mümkündür: Bu müqaviləni təkcə nikahdan öncə deyil, istənilən vaxt — hətta icra məmuru pensiyadan tutulma qərarı verdikdən sonra da bağlamaq olar.
Nikah müqaviləsi imzalandığı andan etibarən borc öhdəliyi avtomatik olaraq digər tərəfin gəlirlərindən (o cümlədən pensiyasından) tutula bilməz.