Bakının Sabunçu rayonunda 1981-ci il təvəllüdlü Vəfa şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Fəxrəddinə (adlar şərtidir – red.) xəsarət yetirib.
Hadisə rayonunun Balaxanı qəsəbəsi, S.Mənsur küçəsində yerləşən “Taxtalı” adlı kafedə baş verib. Vəfa kafedə tanışları ilə birlikdə oturmuş müştəri Fəxrəddinin sifarişini qəbul etməyib, kafenin bağlanılmaqla ona xidmətin göstərilməyəcəyini bildirib.Bu zaman Vəfa ondan kafeyə əvvəlki borcunu ödəməməsini tələb edib. Aralarında yaranmış mübahisə zamanı o, Fəxrəddinin sinəsindən vuraraq yerə yıxıb, təpiklə bədəninin müxtəlif yerlərindən vurub.
Hadisəni törədən Vəfanın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Vəfa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, bir müddət olar Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivində yerləşən “Taxtalı” adlı kafeni icarəyə götürərək işlədib: “Mənim kafedə olan işlərimə qeyri-rəsmi olaraq yaşadığım Natiq adlı şəxs də işindən sonra köməklik göstərir. Kafedə müştərilərə qulluq hər gün gündüz saatlarından axşam saat 23 radələrindək davam edir”.
Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü, axşam saat 19 radələrində kafeyə əvvəllər müştəri olaraq gəlmiş adını sonradan bildiyi Fəxrəddin adlı şəxs tanışları ilə birlikdə kafeyə gəlib, pivə sifariş verərək içməyə başlayıblar: “Fəxrəddin tanışları ilə birlikdə kafedə oturduqdan sonra saat təxminən 20:30-da yenidən içməyə spirtli içki sifariş verdim. Fəxrəddinin kafeyə əvvəlki borcunu ödəmədiyinə görə onun tanışları ilə oturduqları masaya yaxınlaşdım, artıq kafenin bağlanacağını, xidmətin göstərilməyəcəyini bildirdim. Bu zaman Fəxrəddinlə aramızda hesabın verilməməsi ilə bağlı mübahisə yarandı. Fəxrəddinlə mənim aramda yaranmış mübahisəni görən tanışım Natiq aramızda olan mübahisəyə müdaxilə etdi, Fəxrəddinin əvvəllərdə kafedə borclu qaldığını bildirdi. Fəxrəddin Natiqlə mübahisə etməyə başladıqda mən onların arasına girdim və onları sakitləşdirmək istəyərkən içkili vəziyyətdə olan Fəxrəddinin təhqirlərindən, stolun üstündə olan külqabını yerə salmasından və yersiz hərəkətlərindən artıq bezərək onu özümdən kənara çəkmək üçün əlim ilə çiynindən vuraraq kənara itələdim. Həmin vaxtı Fəxrəddin müvazinətini saxlaya bilməyərək yerə yıxıldı və xəsarət aldı. Kafedə olan tanımadığım müştərilər araya girərək bizi sakitləşdirdilər”.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Vəfa aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzası alıb.