Bakıda plana düşən ərazilərin söküntü prosesi genişləndikcə kompensasiya ilə bağlı mübahisələr artır. Köhnə məhəllələrin yerində parklar, yeni binalar tikilir, lakin sakinlər aldıqları vəsaitin həmin ərazilərdə yenidən ev almağa kifayət etmədiyini deyirlər. Üstəlik, bildirilir ki, köhnə evlərin kvadratlarının kiçik olması kompensasiya məbləğini azaldır.
Sökülən evlərin sahiblərinə verilən kompensasiya ədalətlidirmi? Sakinlər həmin vəsaitlə özlərinə yeni mənzil ala bilirlər?
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, burada məsələlər daha çox individual xarakter daşıyır:
“Məsələn, hazırda şəhərin mərkəzində, Mərkəzi Parkın ətrafında söküntü aparılan ərazidə kompensasiyalar dövlət hesabına, kvadratmetri 2700 manatdan ödənilir. Təbii ki, bəzi sakinlər bu məbləğin həmin ərazidə alternativ mənzil almağa kifayət etmədiyini bildirirlər. Həmin evlər istismar müddətini bitirdiyi, təhlükəli olduğu və çox vaxt normativlərə uyğun tikilmədiyi üçün sökülür. Şəhərin mərkəzində 100–200 il əvvəl əsası qoyulan özbaşına tikililər də mövcuddur və onlar mümkün zəlzələ zamanı ciddi risk yaradır. Bu, ilk növbədə sakinlərin təhlükəsizliyi üçün vacibdir.
Hökumətin məqsədi həm də şəhər mərkəzini yeniləmək, köhnəlmiş və artıq paytaxtın görünüşünü korlayan yaşayış fondunu mərhələli şəkildə aradan qaldırmaqdır. Bu binalar gec-tez sökülməlidir. Dövlətin apardığı iş xüsusi qiymətləndirici təşkilatların iştirakı və aşınma dərəcəsi nəzərə alınmaqla həyata keçirilir. Bu səbəbdən bəzən eyni binada yaxşı təmirli və tam təmirsiz mənzillər üçün orta kompensasiya müəyyən olunur, bu da narazılıqlar yarada bilər”.
Ekspert qeyd edib ki, bəzi söküntü işlərini dövlət yox, özəl şirkətlər aparır:
“Özəl sektor çox vaxt xərclərə qənaət etməyə çalışdığına görə sakinlərə təklif olunan kompensasiyalar ədalətsiz ola bilir və mübahisələr daha çox məhz bu sahədə yaranır. Dövlət layihələrində müəyyən standartlar olsa da, özəl şirkətlərin yanaşması bəzən vətəndaşların maraqlarını zədələyə bilər. Sakinlərə tövsiyə olunur ki, özəl şirkətlərlə danışıqlara individual qaydada deyil, hüquqşünasların iştirakı ilə kollektiv şəkildə başlasınlar. Heç bir şifahi razılaşmaya girməməli, bütün təklifləri yazılı şəkildə tələb etməlidirlər. Alternativ mənzil veriləcəksə, onun yeri, ünvanı, təhvil şərtləri, sahənin necə hesablanacağı ilə bağlı bütün detalların rəsmi sənədlərdə qeydi tələb olunmalıdır. Çünki tikinti şirkətləri bu sahədə daha təcrübəlidir. Ona görə də vətəndaşların aldadılma riski yüksəkdir”. /// Globalinfo.az