Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının
Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Bakıda “Özbəkistan” parkının təməlini
qoyublar.
News365.az xəbər verir ki, “Özbəkistan” parkı böyükmiqyaslı mədəni-rekreasiya layihəsidir. Burada Özbəkistanın, o cümlədən Daşkənd, Səmərqənd, Buxara, Xivə və Kokand regionlarının zəngin tarixini, memarlığını və mədəniyyətini əks etdirəcək nadir mühit yaradılacaq. Sahəsi 5 hektar olacaq park Özbəkistanın xəritəsi formasında salınacaq. Burada muzey, kinoteatr, amfiteatr, qüllə, Özbəkistanın milli mətbəx nümunələrinin təqdim olunacağı restoran və kafelər, ticarət zonası, suvenir və hədiyyələr mağazaları, zoopark, mehmanxana da fəaliyyət göstərəcək. Parkın əsas obyektləri Buxara, Səmərqənd və Xivədəki memarlıq nümunələri olacaq.