"Bir sıra qurumlar məhz Azərbaycana və onun uğurlarına qarşı qəsdən saxta xəbərlər yayırlar".
News365.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid “Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda keçirilən ictimai müzakirə deyib.
O bildirib ki, dezinformasiyanın qarşısının alınması media savadlılığı ilə mümkündür.
"Hər birimiz vətəndaş kimi saxta xəbərlərlə mübarizə aparmalıyıq. Savadsızlığın, primitivliyin qarşısını almaq üçün ziyalı mövqeyini ortaya qoymalıyıq", - R.Məcid vurğulayıb.
Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli isə qeyd edib ki, Azərbaycan sistemli dezinformasiya təhdidlərinin hədəfindədir.
"Dezinformasiyanın yayılmasının çox sayda üsul və vasitələri mövcuddur. İctimai fikri narahat edən digər bir aspekt dezinformasiya üçün münbit şərait yaradan əsas amil mediaya inamın azalmasıdır", - o əlavə edib.
O bildirib ki, ən böyük təhlükələrdən biri də kütləvi şüurun dezinformasiyanın təsirinə düşməsi riskidir.
"Azərbaycanda bu sahədə bir sıra işlər görülür. Buna nümunə olaraq Şuşada hər il keçirilən müzakirələri qeyd etmək lazımdır. orada peşəkar medianın rolu məsələləri geniş müzakirə olunur".