Prezident İlham Əliyev: “Xarici siyasətimizin istiqaməti dəyişməyib, lakin forması dəyişib”
Müasir beynəlxalq münasibətlər sistemində hər
bir dövlətin xarici siyasətində əsas məqsəd milli maraqların qorunması və təmin
olunmasıdır. Azərbaycan da istisna deyil. Gənc, lakin böyük tarixi irsə malik
olan Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra xarici
siyasətini məhz milli maraqlar üzərində qurmağa başlamışdır. Azərbaycanın
beynəlxalq münasibətlərdə atdığı bütün strateji addımlar, regional və qlobal
proseslərə yanaşması bu maraqların qorunması və təmin olunması üzərində
qurulub. Bu gün Azərbaycanın xarici siyasətində milli təhlükəsizlik, ərazi
bütövlüyü, iqtisadi inkişaf, enerji təhlükəsizliyi və beynəlxalq aləmdə nüfuzun
artırılması kimi fundamental məsələlər prioritet təşkil edir.
Milli
maraqlar – dövlətin mövcudluğu, təhlükəsizliyi, sosial-iqtisadi inkişafı,
mədəni irsinin qorunması və beynəlxalq nüfuzunun yüksəldilməsi üçün zəruri olan
əsas məqsəd və vəzifələr toplusudur. Azərbaycanın xarici siyasəti də məhz bu
maraqların həyata keçirilməsinə yönəlmişdir. Bu siyasətin uğurlu icrası ölkənin
milli təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, onun beynəlxalq sistemdə
layiqli yer tutmasına da şərait yaradır. Prezident İlham Əliyev III Şuşa Qlobal
Media Forumunda çıxışında deyib ki, milli maraqların qorunması Azərbaycanın
xarici siyasətində fundamental amildir: “Əlbəttə ki, hər kəs üçün vacibdir: öz
maraqlarını nəzərə alanda qonşunun da maraqlarına baxmaq. Yəni, milli
maraqların qorunması Azərbaycanın xarici siyasətində fundamental amildir, lakin
regional və qlobal kontekstdən ayrılaraq bu amildən güclü sui-istifadə etmək
olmaz. Həmişə vəziyyətə baxmaq lazımdır, vəziyyətə qonşunun prizmasından
baxmağa çalışın. Onda çox şey aydınlaşır, belə olan halda anlaşılmazlığa səbəb
olan bir çox məsələlər kifayət qədər səmərəli nizamlanır.
Mən Trampın
qələbəsini proqnozlaşdırmırdım. Sadəcə dedim; onun bizim kimi fundamental
dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşdüyünü nəzərə alsaq, Azərbaycan
xalqı üçün daha yaxşı olardı. O, müharibələrə başlamamış yeganə ABŞ
Prezidentidir. Həm də hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan
bir adam olduğu aydın görünür. Biz, həmçinin Azərbaycana və Ermənistana son
nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O,
beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına
baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə,
onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii
olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”nı dibinə
qədər qurutsun”.
Azərbaycanın
xarici siyasətində uzun illər ərzində başlıca vəzifə işğal olunmuş torpaqların
azad olunması və ərazi bütövlüyünün bərpası olmuşdur. Ermənistanın təcavüzkar
siyasəti nəticəsində 30 ilə yaxın bir müddətdə Azərbaycan torpaqları işğal
altında qalmış, bu isə ölkənin əsas milli maraqlarına ciddi təhdid yaratmışdır.
2020-ci ilin Vətən Müharibəsində qazanılan Qələbə nəticəsində Azərbaycanın
ərazi bütövlüyü bərpa olundu və bu, xarici siyasət strategiyasının nə dərəcədə
milli maraqlara uyğun qurulduğunun bariz nümunəsinə çevrildi. Azərbaycanın
zəngin enerji ehtiyatları onun xarici siyasətində mühüm alətə çevrilmişdir.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kimi beynəlxalq enerji
layihələri Azərbaycanın milli maraqlarına xidmət etməklə yanaşı, ölkəni
Avrasiyanın mühüm enerji mərkəzlərindən birinə çevirmişdir. Enerji siyasəti
vasitəsilə Azərbaycan həm regional, həm də qlobal miqyasda strateji tərəfdaşlıq
əlaqələri qurmuş, iqtisadi və siyasi müstəqilliyini daha da möhkəmləndirmişdir.
Azərbaycanın
xarici siyasətində regional əməkdaşlıq xüsusi yer tutur. Ölkə həm Qafqazda, həm
də daha geniş coğrafiyada sülh və təhlükəsizliyin təmin olunmasına çalışır.
Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi
beynəlxalq və regional qurumlarla aktiv əməkdaşlıq milli maraqların diplomatik
yollarla qorunmasına imkan verir. Eyni zamanda, Azərbaycan regionda yeni
nəqliyyat dəhlizlərinin yaradılması (Zəngəzur dəhlizi, Orta Dəhliz və s.) ilə
iqtisadi maraqlarını reallaşdırmaqla yanaşı, strateji mövqeyini də
möhkəmləndirir. Cənab Prezidentin dediyi kimi, Azərbaycanın xarici siyasətinin
istiqaməti dəyişməyib, lakin forması dəyişib: “Səbəb ondadır ki, Qarabağ
münaqişəsi tarixdə qaldıqdan sonra bizim işğal zamanı etmədiyimiz məsələlərə
indi daha çox vaxtımız var. Bir halda ki, münaqişə həll olunub, vaxt qalır.
Bununla belə, bütün sonsuz danışıqlar, Minsk qrupu üçlüyünün bütün mənasız
səfərləri çox vaxt aparırdı. O zaman vaxtımız qalmırdı və digər məsələni həll
etmək potensialımız olsa da, onunla məşğul olmurduq. Bütün xarici siyasətimiz
təbii olaraq ərazi bütövlüyümüzün bərpasına yönəlirdi. İndi məsələ həll
olunduqdan sonra biz beynəlxalq arenada daha fəalıq və qeyd etdiyiniz kimi,
müxtəlif ölkələr arasında vasitəçilik səylərimiz bunun yalnız bir hissəsidir.
Biz beynəlxalq ictimaiyyətin həqiqətən fəal üzvünə çevrilmişik. Fərqli
beynəlxalq iştirakçılarla güclü əlaqələrə malik olan ölkəmiz ən azı geniş
regionda daha mühüm rol oynaya bilər və oynayacaq. Geniş region dedikdə, mən
Cənubi Qafqazı, Orta Şərqi, Mərkəzi Asiyanı və Azərbaycanın yaxınlığında olan
bütün yerləri nəzərdə tuturam. Həmçinin Avropa da ola bilər, çünki Avropa
İttifaqı ilə gündəliyimiz deyərdim ki, yenidən başlama prosesindədir. Həmçinin
əvvəlki Avropa Komissiyası ilə çətin anlar olub, lakin indiki yeni
Komissiyadan, onun rəhbərliyindən müsbət mesajlar alırıq. Birmənalı olaraq, biz
də müsbət cavab veririk”. Azərbaycan beynəlxalq səviyyədə balanslı və
prinsipial xarici siyasət yürüdərək öz milli maraqlarını sülhsevər və hüquqa
əsaslanan yanaşmalarla müdafiə edir. Humanitar diplomatiya, mədəniyyətlərarası
dialoqun təşviqi, idman və mədəniyyət tədbirlərinə ev sahibliyi (məsələn,
Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, COP29 və s.) Azərbaycanın
beynəlxalq nüfuzunu artırmaqla milli maraqlara xidmət edən vacib
istiqamətlərdəndir.
Milli
maraqların qorunması Azərbaycanın xarici siyasətində yalnız bir istiqamət
deyil, ümumi strategiyanın təməlidir. Bu siyasət xalqın rifahına, dövlətin
suverenliyinin və təhlükəsizliyinin qorunmasına, beynəlxalq nüfuzun
artırılmasına yönəlmişdir. Gələcəkdə də Azərbaycanın xarici siyasətinin uğuru,
məhz milli maraqlara sadiqlik və onların qorunması istiqamətində davamlı
fəaliyyətlə ölçüləcəkdir.
Səyavuş Qasımov
Avrasiya Universitetinin rektoru,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent