Rusiya ilə Azərbaycan arasında son gərginliyin təməlində Moskva tərəfindən müəyyən qruplara verilən təlimatlar və onların törətdiyi təxribatçı hərəkətlər dayanır.
Bunu politoloq Rəşad Bayramov News365.az-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan tərəfinin həyata keçirdiyi əməliyyat heç bir halda təxribat kimi dəyərləndirilə bilməz. Əksinə, hüquq-mühafizə orqanlarının bu addımı real təhlükənin qarşısını almağa yönəlmişdi:
"Azərbaycan hava məkanının qorunmasından bir müddət sonra hüquq-mühafizə orqanlarına Rusiyadan müəyyən dairələr tərəfindən təxribat planları barədə məlumatlar daxil olub. Bu məlumatlar əsasında uzunmüddətli araşdırmalar aparılıb".
Politoloqun sözlərinə görə, bu gün bölgədə gərginliyin artmasının səbəblərindən biri də Rusiya tərəfindən Azərbaycandakı şəbəkələrə verilən yeni təlimatlardır:
"Həmin dairələr son zamanlar daha ehtiyatlı şəkildə fəaliyyət göstərməyə başlayıblar. Amma bu o demək deyil ki, onlara qarşı əməliyyat keçirmək olmazdı. Azərbaycan hüquq-mühafizə orqanları gözləməli deyildi ki, onlar təxribatları davam etdirsinlər. Əməliyyat vaxtında və hüquqi əsaslarla həyata keçirilib".
Bayramov qeyd edib ki, bu əməliyyat zamanı toplanan kifayət qədər sübutlar istintaq prosesində təqdim olunacaq və Azərbaycanın məqsədi hər hansı ölkə ilə münasibətləri pozmaq yox, daxili təhlükəsizliyi təmin etməkdir:
"Azərbaycan heç vaxt Rusiyanın müəyyən dairələrə qarşı göz yumduğu kimi davranmayacaq. Bizim hüquq-mühafizə orqanlarımız konkret faktlara əsaslanaraq hərəkət edir. Bu da Azərbaycanın hüquqi və milli maraqlarına uyğundur".
Politoloq sonda vurğulayıb ki, bu mərhələdə əsas mesaj Rusiyada yaşayan azərbaycanlılara ünvanlanmalıdır:
"Bugünkü gərgin dönəmdə biz birlikdə və həmrəy olmalıyıq. Bu, daha da vacib və zəruri bir ehtiyacdır".