Hər gün çox sayda vətəndaş kibercinayətkarlığın qurbanına çevrilir. Bank kartlarından həm kiçik, həm də böyük məbləğdə pullar oğurlanır.
Araşdırmalar göstərir ki, xüsusilə müalicə məqsədilə yardım toplamaq üçün bank kartı məlumatlarını sosial şəbəkələrdə paylaşan şəxslər kibercinayətkarların əsas hədəfinə çevrilirlər.
Sosial şəbəkələrdə etdiyi xeyriyyəçilik fəaliyyəti ilə tanınan bloger Elçin Lənbəranski bildirib ki, belə hallarla o da qarşılaşıb:
“Biz xəstələrin kart məlumatlarını paylaşdıqdan sonra xarici nömrələrlə həmin ailələrlə əlaqə saxlanılır, pul göndərəcəklərini deyib aldadırlar və müxtəlif yollarla pulları ələ keçirirlər. Şəxsən mənim işıqlandırdığım ailələrdən təxminən 10-15-i bu cür hallarla qarşılaşıb.”
Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edir ki, heç bir halda bank kartlarının nömrəsini, CVV kodunu, SMS-lə gələn OTP şifrələrini heç kimlə bölüşməsinlər.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov isə əlavə edib ki, vətəndaşlarımıza tövsiyə edirik ki, yardım kampaniyası adı altında aparılan paylaşımlarda diqqətli olsunlar, təsdiqlənməmiş mənbələrə pul göndərməsinlər:
"Əgər bu kimi hallarla rastlaşıblarsa, dərhal DİN-in 102 zəng xidməti və ya sosial şəbəkələrdə ‘Polis Azərbaycan’ səhifəsinə müraciət edə bilərlər.”