"Bir il bundan əvvəl, bir gün ərzində separatçıların nəzarəti altında qalan ərazilərdə antiterror əməliyyatının keçirilməsi Azərbaycanın şanlı tarix səhifələrindən biridir. Azərbaycan 2020-ci ildə ərazi bütövlüyünün təmin edilməsində çox ciddi işlər gördü. O cümlədən işğaldan azad olunan üç rayon sadəcə diplomatik danışıqlar nəticəsində mümkün oldu."
Milli Məclisin deputatı Aydın Mirzəzadə bunu News365.az-a açıqlamasında deyib.
"Separatçıların nəzarəti altında olan ərazilərin Azərbaycanın suverenliyinə keçməsi, orda yaşayan əhalinin Azərbaycan cəmiyyətinə inteqrasiya olunması üçün dəfələrlə Azərbaycan tərəfindən səmərəli təkliflər verildi. Ancaq nə Ermənistan ordan qoşunlarını çıxartdı, nədəki ordakı separatçı qurum Azərbaycanın təklifini dəyərləndirmədi. Eyni zamanda orada olan qeyri-qanuni silahlı dəstələr Azərbaycana qarşı dəfələrlə ölümlə nəticələnən vətəndaşlarımızın həyatlarına təhlükə yaradan təxribatlar törətdilər.
Azərbaycan antiterror əməliyyatı keçirməyə məcbur oldu. Qısa bir zamanda ərazi Azərbaycanın nəzarəti altına keçdi. Separatçıların və Azərbaycana qarşı terror hərəkatında iştirak edən bir qrup insan saxlanıldı. Bütün Azərbaycan ərazisi üzərində suverenlik bərpa edildi. Azərbaycan 30 il ərzində beynəlxalq təşkilatın edə bilmədiyini qısa bir zamanda xalq hakimiyyət birliyi ilə, rəhbərin düzgün daxili, xarici siyasəti nəticəsində, əsgərlərimizin qəhrəmanlığı, şəhidlərimizin şücayətliyi nəticəsində öz hüquqlarını bərpa etdi.
Aydın bəy eyni zaman da Azərbaycanın bu torpaqlara əbədi qayıtdığını da bildirib:
"Bir günlük antiterror əməliyyatı böyük azad Azərbaycan uğrunda mübarizənin şanlı bir nöqtəsi oldu. Bu gün Azərbaycan prezidenti 20 sentyabr tarixini dövlət suverenliyi günü kimi təsis etdi. Bu o deməkdir ki, hər ilin 20 sentyabrında biz suverenliyimizin hansı çətinliklərdən keçərək bərpa edilməsi məsələsini bir daha qürurla yada salacayıq. Bir daha suverenliyimizin qorunması üçün cəmiyyətin bir olmasını, milli birliyin ortaya qoyulmasını və xalqın milli maraqlarını qorunması uğrunda böyük işlərin görülməsini bir daha qiymətləndirəcəyik. Bu günlər də Cənab Prezidentimizin işğaldan azad olunan ərazilərə səfər edərək, Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli məktəbin açılışını etməsi, Ağdam şəhərində bir neçə böyük tikintinin əsasını qoyması onu göstərir ki, Azərbaycan bu torpaqlara əbədi qayıdıb, Azərbaycan öz torpaqlarının sahibliyini yüksək səviyyədə həyata keçirir”- deyə fikirlərini bildirib.
Vəfa Vəliyeva, News365.az