"Cümhuriyyət ideyaları bu gün də dövlətimizin siyasi sütunlarıdır"
Politoloq Turan Rzayev bu sözləri News365.az-a açıqlamasında deyib.
"1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti yalnız tariximizin ilk demokratik müsəlman dövləti kimi deyil, həm də müasir dövlətçilik düşüncəmizin və strateji yol xəritəmizin ideoloji başlanğıcı kimi qiymətləndirilməlidir. Onun qurucu prinsipləri suverenlik, hüquq bərabərliyi, dünyəvilik, demokratik idarəçilik və milli həmrəyliyin bu günümüz üçün nə qədər aktual olduğunu anlamaq üçün sadəcə tarixi xatırlamaq deyil, onu bu günün geosiyasi və ictimai reallıqları ilə müqayisə etmək lazımdır.
Misal üçün AXC-in elan olunması ilə Azərbaycan xalqı ilk dəfə öz siyasi iradəsini ifadə etdi. Müstəqillik aktında isə açıq şəkildə “Azərbaycanın sərhədləri daxilində yaşayan bütün xalqların hüquqlarını qoruyan müstəqil dövlət” ifadəsi yer alırdı. Bu gün də Azərbaycan Respublikasının xarici siyasətində suverenlik ali dəyər kimi qorunur və birmənalı şəkildə həyata keçirilir. Qarabağın azad olunması və suverenliyin tam bərpası bu xəttin real nəticəsidir. Bu prinsip, 2020-ci il və ondan sonrakı proseslərdə Azərbaycanın dövlətçilik iradəsi ilə yenidən təcəssüm tapdı.
AXC-nin ən diqqətçəkən tərəflərindən biri, müasir dövrün hüquqi dövlət modelini dövrün çox çətin şərtlərində tətbiq etməyə çalışması idi. Qadınlara seçki hüququnun verilməsi, bütün vətəndaşların irqi, dini və sosial mənşəyindən asılı olmayaraq hüquq bərabərliyinin tanınması, azad mətbuatın fəaliyyətinə şərait yaradılması buna misal ola bilər. Bu gün Azərbaycan Konstitusiyası və Prezident İlham Əliyevin hüquqi islahatları həmin ideyaların inkişaf etdirilmiş formasını ehtiva edir.
Mənə görə AXC-nin ən mühüm cəhdi çoxpartiyalı parlament yaratması idi. Bununla yalnız milli hakimiyyət deyil, eyni zamanda demokratiya mədəniyyəti qurmaq niyyətində idi. Bu gün Azərbaycanın dövlət modeli prezident respublikası olsa da, parlamentin rolu, siyasi plüralizm və siyasi institutların mövcudluğu həmin demokratik ənənənin modern formasını ifadə edir. AXC-nin əsas verdiyi demokratik legitimlik anlayışı bu gün də dövlət-vətəndaş münasibətlərinin hüquqi və siyasi təməlidir.
AXC-nin milli ideoloji xətti “türklük, islam və müasirlik” arasında bir vəhdət yaratmaq idi. Bu yanaşma Cümhuriyyətin həm Osmanlı, həm də Avropa ilə əlaqələrində özünü göstərmişdi. Bu gün Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına verdiyi önəm, Azərbaycanın həm İslam həmrəyliyində, həm də türkdilli ölkələr arasında birləşdirici qüvvə kimi çıxış etməsi, bu tarixi xəttin davamlılığını sübut edir.
AXC-nin parlamentində erməni, yəhudi, rus və digər azsaylı xalqların nümayəndələrinin təmsil olunması onun multikultural təməllər üzərində qurulduğunu sübut edir. Bu gün Azərbaycan dünyanın az sayda ölkələrindən biridir ki, multikulturalizmi təkcə tolerantlıq deyil, dövlət siyasətinə çevirmişdir. Bu anlayış dövlətin birləşdirici, cəlbedici gücünü artırır və etnik parçalanma təhlükələrinə qarşı effektiv immunitet yaradır.
Nəticə etibarı ilə Azərbaycan Xalq Cümhuriyyətinin prinsipləri suverenlik, hüquqi dövlət quruculuğu, demokratik idarəçilik, milli və dünyəvi kimlik, tolerantlıq bu gün də dövlətimizin ideoloji və siyasi sütunlarını təşkil edir. Bu mənada AXC, sadəcə bir keçmiş yox, həm də gələcəyin sınaqlarına cavab verən milli siyasi modeldir."
Vəfa Vəliyeva, News365.az