Azərbaycanda ictimai nəqliyyat 24 saat fəaliyyət göstərməsə də bəzi ölkələrdə bu təcrübə yaşanır. Bakıda isə əsasən işləyən marşrutlar axşam saat 24:00-a qədər xidmət edir. Lakin saat 00:00-dan sonra avtobuslar dayanır, xüsusən də gecə marşrutları geniş yayılmayıb. AYNA bəzi marşrutların iş qrafikinin dəyişəcəyini qeyd etsə də, 24/7 işləmə geniş tətbiq edilmir, ancaq ehtiyacdan bəhs olunur.
Məsələ ilə bağlı News365.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, bu sahədə addım atmaq hələ tezdir:

“Çünki Azərbaycanda gecələr küçələrdə çox insana rast gəlmək olmur. Hətta gecə metroda belə barmaqla sayılacaq qədər adam olur. Çünki insanlar metronun 12-də bağlandığını bilirlər və buna uyğun hərəkət edirlər. Bu səbəbdən də gecə saatlarında şəhərdə ictimai nəqliyyata böyük tələbat müşahidə olunmur. Biz Avropaya inteqrasiya edirik. Amma onlardan müsbət məqamları götürməliyik. Belə ki, Avropada gecələr küçə və klublarda insanların kütləviliyini görmək mümkündür. Azərbaycanın isə öz ənənə və dəyərləri olduğundan, bu, normal sayılmır. Belə olan halda ictimai nəqliyyatın gecələr işləməsinin rentabeliyi sual altına düşür. Gəlir gətirməyəcək bu addıma görə, ictimai nəqliyyatın gecə səhərədək işləməsinə də ehtiyac qalmır. Hərçənd gələcəkdə vəziyyət fərqli olsa, bu məsələyə yenidən baxıla və qərar qəbul oluna bilər”, – deyə ekspert vurğulayıb.