"Avropa missiyasının Cənubi Qafqazda sülhə töhfəsi olmayıb"- Xəyal Bəşirov

"Avropa missiyasının Cənubi Qafqazda sülhə töhfəsi olmayıb"- Xəyal Bəşirov
16:14

Cənubi Qafqazda sülh prosesi və regionda fəaliyyət göstərən beynəlxalq missiyaların rolu yenidən müzakirə mövzusuna çevrilib.

Politoloq Xəyal Bəşirov Avropa İttifaqının Ermənistandakı monitorinq missiyası və Cənubi Qafqazdakı rolu ilə bağlı mövqeyini açıqlayıb.

News365.az-a danışan politoloq bildirib ki, Avropa Siyasi Birliyinin zirvə toplantıları ilk dəfə keçirilərkən bu missiyanın Azərbaycanda da fəaliyyət göstərməsi ilə bağlı təşəbbüslər olub. Lakin Prezident İlham Əliyev buna sərt reaksiya verərək Azərbaycanın belə bir missiyaya razı olmayacağını açıq şəkildə bəyan edib. Bundan sonra isə missiya Ermənistanda yerləşdirilib.

Xəyal Bəşirovun sözlərinə görə, zaman keçdikcə missiyanın həm say tərkibinin artırılması, həm də fəaliyyət müddətinin uzadılması bu qurumun əsl niyyətləri ilə bağlı suallar yaradıb. Politoloq qeyd edib ki, bu missiya iddia edildiyi kimi sülh və təhlükəsizlik məqsədi daşımayıb, əksinə, regionda qeyri-konstruktiv fəaliyyətlə məşğul olub.

O bildirib ki, missiyanın nümayəndələri Azərbaycan ərazilərində əsassız müşahidələr aparıb, müxtəlif təxribat xarakterli addımlar atıblar. Politoloqun fikrincə, bu fəaliyyətlərin Cənubi Qafqazda sülh prosesinə heç bir real töhfəsi olmayıb. Əksinə, Avropa missiyası bu yanaşması ilə özünü regionda sülhün əldə olunması prosesindən faktiki olaraq kənarlaşdırıb.

Cənubi Qafqazda sülh prosesi və regionda fəaliyyət göstərən beynəlxalq missiyaların rolu yenidən müzakirə mövzusuna çevrilib. 

Xəyal Bəşirov vurğulayıb ki, Azərbaycan bu cür qeyri-obyektiv və qeyri-peşəkar yanaşmanı qəbul etməyib və nəticədə sülh prosesini ikitərəfli formatda davam etdirib. Onun sözlərinə görə, Avropa İttifaqı və digər Avropa qurumları sülh sazişi mətninin razılaşdırılması mərhələsində faktiki olaraq prosesdən kənarda qalıblar.

Politoloq xatırladıb ki, Azərbaycan Ermənistanla birbaşa ikitərəfli danışıqlara üstünlük verib və bu proses nəticəsində 8 avqust 2025-ci il tarixində mühüm sənədlər imzalanıb, sülh sazişinin mətni razılaşdırılıb.

O əlavə edib ki, sülh əldə olunduqdan sonra belə Avropa missiyasının regionda qalmaq niyyəti onların Cənubi Qafqazda və xüsusilə Ermənistanda mövcudluqlarını qorumağa çalışdıqlarını göstərir. Politoloq bildirib ki, Azərbaycan ərazisində müharibə başa çatıb və burada belə bir missiyanın fəaliyyətinə nə ehtiyac, nə də hüquqi əsas var.

Xəyal Bəşirov hesab edir ki, Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin olunması üçün xarici, qərəzli missiyalara deyil, regional əməkdaşlığa və birbaşa dialoqa ehtiyac var.



Sizin reklam burada
Sizin reklam burada