“Sistemli planlaşdırma və qiymətlərin ildən-ilə dəyişməsi ilə bağlı məsələyə gəldikdə bu istiqamətdə də müəyyən planlarımız mövcuddur”.
News365.az-ın məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda keçirdiyi ictimai dinləmədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Nazir qeyd edib ki, ilkin mərhələdə toplanmış məlumatlar əsasında – həm Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində, həm də statistik məlumat bazalarında toplanmış məlumatlara əsasən ölkənin ehtiyac duyduğu məhsul həcmi barədə fermerlərə əvvəlcədən məlumat verilməsi planlaşdırılır.
O bildirib ki, bununla da sadə alqoritmlər əsasında fermerlərə hansı məhsul üzrə ölkənin ehtiyacının nə qədər olduğu və əkin sahələrinin artıq yetərli olub-olmadığı barədə məlumat təqdim ediləcək.
“İkinci mərhələdə bu mexanizm aqrar siyasətin alətlərindən birinə çevrilməlidir. Ölkənin ehtiyacı qədər məhsul istehsal edildikdən sonra həmin həcmdən artıq əkin sahələrinin subsidiya ilə dəstəklənməməsi nəzərdə tutulur.
Bu halda fermer yenə də sərbəst şəkildə istədiyi məhsulu əkə bilər. Lakin müəyyən həcmdən artıq əkin sahələri üçün subsidiya verilməyəcək”.
M. Məmmədov qeyd edib ki, ölkəmiz dövlət tədarükü modelinə üstünlük vermir. Bu yanaşmadan əsasən sovet dövründən sonra uzaqlaşmışıq.
“Biz daha çox fermerlərin məhsullarının bazarlara çıxarılmasını və birgə fəaliyyət mexanizmlərinin formalaşmasını təşviq edirik” – o bildirib.