Torpağının olması il boyu dolanışığını təmin edirmi? - ETİRAZ

Torpağının olması il boyu dolanışığını təmin edirmi? - ETİRAZ
13:35

“Biz kənd təsərrüfatı haqqında çox danışırıq, çox proqramlar qəbul edirik, çox hesabatlar eşidirik. Amma gəlin özümüzə bir sual verək: bu qədər proqramlara, süni zəka tətbiqlərinə və vəsaitə baxmayaraq niyə Azərbaycan hələ də bir çox ərzaq məhsullarını idxal edir? Niyə torpağı olan ölkə bəzən bazarda kartof, soğan və buğda qiymətlərinin dalğalanması ilə üz-üzə qalır?”

News365.az məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda keçirdiyi ictimai dinləmədə deputat Razi Nurullayev deyib. 

Deputatın sözlərinə görə, məsələnin kökü Kənd Təsərrüfatı Nazirliyinin gördüyü işlərə və səylərə baxmayaraq, sistemli və uzunmüddətli planlaşdırma hələ də tam formalaşmamasıdır:

“Bu gün ölkədə minlərlə hektar torpaq ya ümumiyyətlə əkilmir, ya da heç bir aqrar strategiyaya uyğun olmadan əkilir. Fermer hansı məhsulun ölkə üçün daha çox lazım olduğunu düşünmür, düşünə də bilmir. Anar müəllim də qeyd etdi, o, sadəcə bazarda bir il əvvəl hansı məhsul baha olubsa, onu əkir. Nəticədə bir il kartof çox olur, qiymət düşür və fermer ziyana düşür. Digər il isə kartof az olur və bazar idxaldan asılı vəziyyətə düşür. Belə olan halda biz planlı istehsal yox, təsadüfi istehsal modeli ilə qarşılaşırıq”.

Razi Nurullayev vurğulayıb ki, 30 modul üzrə süni intellekt əsaslı xidmətlərin tətbiqi nəzərdə tutulur, amma burada vacib bir sual yaranır: bu xidmətlər yüz minlərlə sadə fermerə çatırmı, yoxsa əsasən böyük aqroparklar və iri təsərrüfatlar bundan istifadə edir? 

“Mən bölgələrdə çox oluram və müşahidə edirəm ki, sadə fermerlərin bu xidmətlərə çıxışı ya çox zəifdir, ya da demək olar ki, yoxdur. Təqdimatlar, xidmətlər rəngli şəkildə göstərilir və kabinetlərdə, təqdimat zallarında hər şey çox gözəl görünür. Amma, o rənglər və gözəlliklər kənddə yaşayan sadə fermerə çata bilmir. O bu təqdimatda göstərilən xidmətlərdən ay və ulduz qədər məsafəli olur. Bu suala cavab almaq istərdim”.

Digər ciddi problem isə təsərrüfatların həddindən artıq xırdalanmasıdır:

“Parçalanmış torpaq sahələri ilə yüksək məhsuldarlıq əldə etmək, onları idarə etmək və hamısına xidmət çatdırmaq çox çətindir. Dünyanın inkişaf etmiş aqrar ölkələrində böyük və korporativ təsərrüfat strukturları formalaşır və texnologiya geniş tətbiq olunur. Bizdə isə bu proses hələ kifayət qədər sürətli getmir.

Sovet dövründə kolxoz və sovxoz sistemi mövcud idi. Onun siyasi tərəfləri müzakirə mövzusu ola bilər, amma bir reallığı qəbul etməliyik: torpaq böyük miqyasda və planlı şəkildə idarə olunurdu. Bu gün isə həmin modelin bazar iqtisadiyyatına uyğun müasir forması – aqroparklar, aqrar korporasiyalar və kooperativ təsərrüfatlar daha geniş şəkildə yaradılmalı və əhalinin pay torpaqları bu prosesə cəlb olunmalıdır. Bu proses varmı? Cavab almaq istərdim. Bu çox vacib məsələdir. Çünki, torpağı olan ailə ünvanlı dövlət sosial yardımı ala bilmir. İndi baxaq görək ki, o torpağın olması onun il boyu dolanışığını təmin edə bilərmi? Bu sahədə Kənd Təsərrüfatı Nazirliyi ilə ƏƏSMN arasında düzgün kordonasiya qurulmalıdır və süni zəka bu sahədə işləri avtomatlaşdıra bilər” – o bildirib.


Sizin reklam burada
Sizin reklam burada