iPhone"da "Face ID" (üz tanıma sensoru) biometrik sistemi "iOS 26.2.1" yeniləməsindən sonra bir çox smartfonlarda düzgün işləməyi dayandırıb.
News365.az xəbər verir ki, bu barədə "The Mac Observer" nəşri məlumat verib.
Məlumata görə, bununla bağlı istifadəçilər sosial şəbəkələrdə paylaşımlar ediblər. Paylaşımlardan birinin müəllifi bildirib ki, "iOS 26.2.1" səbəbindən "Face ID" sensoru düzgün işləməyib və istifadəçini tanıya bilməyib. Buna görə də o, cihazı blokdan çıxarmaq üçün hər dəfə rəqəmsal kodu daxil etməyə məcbur olub.
Nəşrin jurnalistləri şikayətləri araşdırıb və aşkar ediblər ki, "Face ID" sensoru çox tez-tez əlavə tətbiqlərdə - bank xidmətləri, sosial şəbəkələr və digər proqramlarda işləməyib. Bəzi smartfon sahibləri vurğulayıblar ki, biometrik kilidaçma funksiyası son dərəcə yavaş işləməyə başlayıb.
"Face ID" ilə bağlı şikayətlərdən başqa, istifadəçilər "Safari" brauzerində problemlərin olduğunu, bəzilərinin yaddaşda saxlanılan səhifələrinin yoxa çıxdığını bildiriblər. "iPhone" sahibləri, həmçinin "Apple Maps"də yadda saxlanılan yerlərin itdiyini və "HomeKit" ağıllı ev qadcetləri idarəetmə mərkəzində çoxsaylı fasilələrin yarandığını qeyd ediblər. Xüsusilə qeyd edilib ki, "iOS" smartfonun yaddaşında daha çox yer tutmağa başlayıb.
"Apple" hələlik bu məlumatlara rəsmi reaksiya verməyib.