“Amnistiya və əfv anlayışlarını dəqiq ayırmaq lazımdır. Amnistiya Milli Məclis tərəfindən qəbul edilən normativ aktdır və geniş şəxslər dairəsinə şamil edilir. Əfv isə prezidentin fərdi aktıdır və konkret şəxslərə münasibətdə tətbiq olunur”.
Bu sözləri açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib. O bildirib ki, gözlənilən amnistiya aktı bir sıra kateqoriyalar üzrə məhkumları əhatə edəcək:
“Amnistiya aktı qəbul edilərsə, bir sıra şəxslər cəzadan və cinayət məsuliyyətindən azad edilə bilər. 44 günlük Vətən müharibəsi və 2023-cü il anti-terror əməliyyatlarında iştirak etmiş şəxslərə, həmin şəxslərin yaxın qohumlarına, Ermənistanın hərbi təxribatları nəticəsində zərər çəkənlərə, mülki əhaliyə qarşı hərbi təxribat nəticəsində əlil olanlara, sosial baxımdan həssas qrupun nümayəndələrinə şamil oluna bilər. Həmçinin qadınlar, 60 yaşına çatmış şəxslər, cinayət törədərkən yetkinlik yaşına çatmayanlar, digər humanitar əsaslı kateqoriyalar da bu siyahıya daxildir. Bir qayda olaraq, amnistiya aktına cinayət xarakterinə görə törədilmiş əməllər daxil edilir. Bunlar böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş, eyni zamanda az ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin amnistiya aktına düşmə ehtimalları böyükdür. Bu kateqriyalara aid edilmiş məhkumlar ya tam azad edilə bilər, ya da cəza müddəti azaldıla bilər”.
Hüquqşünas vurğulayıb ki, bir sıra cinayətlərdə məhkum edilmiş şəxslər amnistiyaya şamil edilmir:
“Hüquqi praktikaya görə, amnistiya xüsusilə ağır cinayətlərə, terrorçuluğa, dövlətə xəyanətə, təkrar adam öldürməyə, zorakılıq cinayətlərinə şamil edilmir. Hesab edirəm ki, bu dəfəki amnistiya aktı miqyas etibarı ilə daha geniş olacaq. 2021-ci ildə Zəfər günü münasibəti ilə qəbul edilən amnistiya aktı 17 200-dən artıq şəxsə şamil edilmişdisə, bu dəfəki akt 20 mindən çox şəxsi əhatə edə bilər. Təxminən 5 mindən çox məhkum azadlıqdan məhrumetmə cəzasından azad oluna bilər. Minlərlə şəxsin isə cəzasının azaldılması yaxud yüngülləşdirilməsi gözlənilir”.
Xatırladaq ki, Prezident İlham Əliyev “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb. Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. /// Yeni Sabah