Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitiklərinin fikrincə, ABŞ-ın Ukraynaya hərbi yardımı azaltması yalnız Rusiyanın cəbhə xəttində mövqeyini gücləndirəcək və sülh yolu ilə nizamlanma perspektivlərini sarsıdacaq.
Ekspertlərin fikrincə, Amerikanın hərbi yardımının azaldılması davamlı sülhə nail olmağa kömək etməyəcək və Rusiya prezidenti Vladimir Putini qələbə ideyasına yenidən baxmağa məcbur etməyəcək.
Analitiklər qeyd ediblər ki, Qərbin hərbi yardımı, xüsusən də yalnız ABŞ-ın operativ və böyük həcmdə təmin edə biləcəyi yardımlar Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında həlledici uğurlar əldə etmək qabiliyyətini təmin etmək üçün mühüm əhəmiyyət kəsb edir. Hesabatda deyilir ki, bu, Rusiyanın cəbhə xəttində mövqelərini gücləndirmək riski yaradır.
ISW yazır: "Hadisələrin bu cür inkişafı ABŞ prezidenti Donald Trampın Ukraynada davamlı sülhə nail olmağa dair bəyan etdiyi məqsədlərə ziddiyyət təşkil edir".
Xatırladaq ki, bundan əvvəl Pentaqonun rəhbəri Pit Heqset bildirib ki, ABŞ 2026-cı maliyyə ili büdcəsində Ukraynaya çatdırılması nəzərdə tutulan yeni silahların alınması üçün ayrılan vəsaiti kəsəcək.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural