ABŞ hökuməti bağlanmaq təhlükəsi ilə üzləşib.
News365.az xəbər verir ki, Senatda keçirilən səsvermədə büdcə layihəsi qəbul olunmadığına görə dövlət qurumlarının çoxu bu gündən fəaliyyətini dayandırıb.
ABŞ Prezidenti Donald Tramp isə bəyan edib ki, hökumət tam bağlansa minlərlə dövlət qulluqçusu işdən çıxarılacaq.
Hökumətin bağlanması zamanı yalnız polis, hərbçilər və sərhədçilər kimi vacib xidmətlər işləyəcək, amma onlar da maaşlarını ala bilməyəcəklər.
Digər sahələrdə - elmi işlər, biznes kreditləri, ətraf mühitin təmizlənməsi proqramları dayandırılacaq.
Müzakirələrdə problemin əsas səbəbi səhiyyədir. Demokratlar istəyir ki, büdcəyə tibbi sığorta yardımları da daxil edilsin. Respublikaçılar isə buna qarşı çıxır.
ABŞ-də hökumət sonuncu dəfə 2018–2019-cu illərdə bağlanıb və bağlanma 35 gün davam etmişdi. Bu dəfə böhranın nə qədər davam edəcəyi bilinmir.
Maliyyələşmənin dayandırılması ABŞ-nin Bakıdakı səfirliyinə də təsir edib.
Səfirlikdən bildirilib ki, tam fəaliyyət bərpa olunana qədər feysbukda mütəmadi yenilənmələr aparılmayacaq. İstisna yalnız təxirəsalınmaz hallar və təhlükəsizliklə bağlı vacib məlumatlara aiddir.
"Hazırda ABŞ-də, eləcə də xaricdəki ABŞ səfirlikləri və konsulluqlarında planlaşdırılmış pasport və viza tranzit xidmətləri imkan daxilində, maliyyələşmənin dayandırıldığı müddətdə də davam etdiriləcək. Sosial media hesablarımızda yenilənmələr yalnız tam fəaliyyət bərpa olunduqdan sonra davam etdiriləcək. Təxirəsalınmaz və təhlükəsizliklə bağlı məlumatlar istisnadır", - səfirlik bildirib.