Yeni baş nazir siyasi partiyaların liderləri ilə görüşüb

Yeni baş nazir siyasi partiyaların liderləri ilə görüşüb
16:45

Fransanın yeni Baş naziri Fransua Bayru hökumətin tərkibini müəyyənləşdirmək üçün siyasi partiyaların liderləri ilə görüşlər keçirib.

News365.az xəbər verir ki, bu barədə “BFM TV” telekanalı məlumat yayıb.

Baş nazirin iqamətgahına ilk olaraq Fransanın ifrat sağçı “Milli Birlik” partiyasının lideri Jordan Bardella və partiyanın parlament fraksiyasının rəhbəri Marin Le Pen gəlib. Marin Le Pen görüşdən sonra qeyd edib ki, Baş nazirin onları dinləyib-dinləmədiyini söyləmək hələ tezdir. Bundan başqa, onun sözlərinə görə, Bayru parlamentdə təmsil olunan bütün siyasi qüvvələrin fikrini nəzərə almağı planlaşdırır.

Daha sonra Matinyon sarayında Baş nazirlə prezidentyönümlü "Respublika uğrunda birlikdə" blokunun sədri, keçmiş Baş nazir Qabriel Attal arasında danışıqlar baş tutub. O, görüşün nəticələrini şərh etməyib.

Bundan sonra Baş nazirlə məsləhətləşmələrə Sosialist Partiyasının nümayəndələri Olivye For, Patrik Kanne və Boris Vallo gəlib.

Öz növbəsində, ifrat solçu “İtaətsiz Fransa” fraksiyasının lideri Matilda Pano Baş nazirlə görüşmək təklifindən imtina edib.

Qeyd edək ki, ötən həftə Fransa Prezidenti Emmanuel Makron prezidentyönümlü "Birlikdə" siyasi koalisiyasına daxil olan liberal "Demokratik Hərəkat" (MoDem) partiyasının sədri olan 73 yaşlı Fransua Bayrunu ölkənin yeni Baş naziri təyin edib.


Youtube kanalımız