907-ci maddənin gündəmdə qalması risklidir

907-ci maddənin gündəmdə qalması risklidir
06 Yan 2026 16:36

Azərbaycan və ABŞ arasında münasibətlərdə diqqət çəkən məsələlərdən biri 907-ci maddənin taleyidir.

Politoloq Azad Məsiyev News365.az-a açıqlamasında bildirib ki, Ermənistan-Azərbaycan arasında indiki vəziyyətdə heç bir ciddi problem qalmayıb. 


Bu baxımdan, 907-ci maddənin fəaliyyətinin dayandırılması ideal addım kimi qiymətləndirilə bilər. Lakin problem ondadır ki, maddə hələ tam ləğv edilməyib və gündəmdə qalması gələcəkdə Azərbaycana qarşı təzyiq mexanizminə çevrilə bilər.

Məsiyev vurğulayıb ki, hazırda ABŞ Prezidenti Donald Trump ilə Azərbaycan Prezidenti arasında dostluq və qarşılıqlı hörmət münasibətləri mövcuddur. Bu münasibətlərin fonunda 907-ci maddənin dayandırılması xüsusi əhəmiyyət kəsb edir.

“Amma sabah Trump administrasiyada olmayacaqsa və demokratlar hakimiyyətə qayıdarsa, maddə yenidən tətbiq oluna bilər. Bu isə Azərbaycan-ABŞ münasibətlərinə ciddi təsir göstərə bilər. Ona görə hesab edirəm ki, məsələ köklü şəkildə həll edilməlidir ki, gələcəkdə bu problem Azərbaycan üçün təzyiq alətinə çevrilməsin,” – deyə politoloq bildirib.

Azad Məsiyev əlavə edib ki, Qərbin, xüsusilə ABŞ-ın Cənubi Qafqazda daha geniş qlobal maraqları mövcuddur. 907-ci maddənin saxlanılması bu maraqların Azərbaycana qarşı istifadə oluna biləcək potensial vasitələrdən biri kimi qalmasını göstərir. Politoloq bildirib ki, maddənin tam şəkildə gündəmdən çıxarılması regionda sülh və ədalətin təmin olunması baxımından vacibdir:

“ABŞ Cənubi Qafqazda ədalətli və balanslı siyasət yürütməlidir. Ermənistan və Azərbaycan arasında ayrı-seçkilik edilməməlidir. Maddənin saxlanılması isə onu göstərir ki, demokratlar hakimiyyətə qayıdarsa, 907-ci maddə yenidən Azərbaycana qarşı təzyiq mexanizmi kimi istifadə oluna bilər. Bu isə açıq-aşkar ədalətsizlikdir,” – deyə Azad Məsiyev fikrini yekunlaşdırıb.


Sizin reklam burada
Sizin reklam burada