“3 milyondan çox vətəndaşın banklara kredit borcu var”- Deputat

“3 milyondan çox vətəndaşın banklara kredit borcu var”- Deputat
01 May 2025 12:40

“Hazırda 3 milyondan çox vətəndaşımızın banklara istehlak kreditləri üzrə borcu var. Rəsmi statistika göstərir ki, banklardan borclanan vətəndaşlarımızın sayı artır”.

News365.az xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Vüqar Bayramov “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında danışarkən deyib.

“Bütün bunlarla yanaşı, vaxtı keçmiş kreditlərin həcmi 2024-cü ilin sonuna nisbətən bu ilin ilk rübündə 449.1 milyon manatdan 481.6 milyon manatadək yüksəlib. Bu o deməkdir ki, son aylar problemli kreditlərin həcmi yüksəlməkdədir və bu daha çox borclu deməkdir.

Oxşar vəziyyət qeyri-işlək kreditlər üzrə müşahidə olunur. Belə ki, 2024-cü il ərzində qeyri-işlək portfelin həcmi mütləq ifadədə 6.7 faiz və ya 41 milyon manat artaraq 655 milyon manat təşkil etmişdir. Bu məbləğin 246 milyon manatı istehlak kreditləridir, yəni fiziki şəxslərin payına düşür. 375 milyon manatlıq biznes kreditləri isə qeyri-işləkdir.

Mərkəzi Bankın məlumatına görə, iqtisadi fəal əhali üzrə, adambaşına 13.8 min manata bank borcu var. Əgər 5 il öncə əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti 11.5 faiz idisə, bu göstərici ötən ilin sonunda 18 faizədək yüksəlib”.


Sizin reklam burada
Sizin reklam burada