20 yaşındaykən düşünürsən ki...- Elçin Alioğludan düşündürücü PAYLAŞIM

20 yaşındaykən düşünürsən ki...- Elçin Alioğludan düşündürücü PAYLAŞIM
15 Apr 2025 10:23

Jurnalist Elçin Alioğlu şəxsi “Facebook” hesabında paylaşdığı dərin məzmunlu paylaşımı ilə izləyicilərinin qəlbinə toxunub. 

News365.az həmin paylaşımı təqdim edir:

"20 yaşındaykən düşünürsən ki, Zaman - yoldur. O yolla gedirsən, döngələri seçirsən, üfüqə yetməyi arhzulayırsan. Sidq-ürəkdən inanırsan ki, hər şey irəlidədir.

40 yaşındaykən anlamağa başlayırsan ki, Zaman - evdir. 

Ol evi kəlmələrinlə, əməllərinlə, evin damını sxalayan təmaslarla qurursan. Özününküləri qoruyursan, ağırlğı daşıyırsan, küləyin qarşısında duruban üzü o küləyə getməyə çalışırsan.

50 yaşın lap geridə qalandasa qəflətən dərk edirsən ki, sən demə, Zaman - elə sən özünsən.

Zaman gülümsəyən qırışların, xəyanətləri və sədaqəti görmüş nəzərlərinin yaşadığı gözlərindəymiş.

Zaman tez yox, əmin, küy arxasıca və səs dalınca qaçmayan birsinin yerişindəymiş.

Artıq çəkinmədiyin, üşənmədiyin sükütdaymış.

Çox itiririk. Amma itkilərin hamısı qeybə çəkilməz. Bir baxarsan - itki indi olduğunun sütununu təşkil edir. Zira bəzən ağrı insanda heç bir sevincin verə bilmədiyini cilalayır.

Və anlardan birində Zamanla mübahisə etməkdən vaz keçirsən.

Onun qırışları, onun yorğunluğu, onun aynadakı əksi ilə barışırsan.

Onu dinləməyə, huşyar olmağa başlayırsan.

Zamansa sözlərlə yox, sükutla, fasilələrlə danışır. İlk dəfə anlamağın sübut etməkdən əfzəl olduğu anla. O anla ki, süsmağın cavab verməkdən müdrik olduğunu dərk etdin. O anla ki, qəlbdə qalmağın həyatda qalmaqdan üstün olduğunu dərk etdin.

Tələsmirsən artıq. Ona görə yox ki, yorulduq. Ona görə ki, dəyər verməyi bacardın.

Artıq bilirsən ki, indiki an - məkan və zaman yox, sadəcə, yaşanan ləhzədir. Və o, çox kövrəkdir.

Qənaətli olmağı öyrənirsən. Özünə qarşı. Başqalarına qarşı. Həyata və Zamana qarşı.

Ən əsası isə daha dərini görürsən artıq. Başqasının yorğunluğunun arxasında, dərinində onun tənhalığını görürsən. Onun kobudluğunun bətnində ağrını, sükutunun dərinində harayı sezirsən.

Sən, insan yanındakı insana çevrilməyi bacarırsan. İzafi sözlərsiz. Məsləhətlərsiz. 

Sadəcə, yanında.

Bu olaylarda Zaman yaşayır. Əsl, gerçək, olduğu kimi.

Anlayırsan ki, yaşamaq qalib gəlmək deyil. Yaşamaq izdir, istidir, yaddaşdır.

Həyat fəth olunmuş zirvələrlə, sadalanan uğurlarla ölçülmür. 

Həyat - zülmət çökəndə yanında qalan insanla ölçülür.

Sözünlə, əməlinlə yox - qəlbinlə saxladığın.

Hamımız bir gün gedəcəyik.

Mən də.

Bəlkə bu gün, bəlkə sabah, bəlkə bir neçə ay və ya il sonra. 

Amma isti sözə, zərif baxışa, şəfqətə döndünsə bir anlıq da olsa kiminçünsə - sən qalacaqsan.

Sən Zamana dönəcəksən.

O Zamana ki, heç zaman heç hara getmir.

Və bu, əsl qələbədir. Sakit, müdrik, gözəl. Artıq görünməyən, amma hələ də kiminsə yoluna işıq salan ulduzun işıq misalı.

Zamanlı, işıqlı, gedərli olun..."



Sizin reklam burada
Sizin reklam burada