“ABŞ və İran arasında 2015-ci ildə Omanın paytaxtı Muskatda keçiriləcək danışıqlar prosesinin 6-cı və 10-cu raundları həlledici olacaq. Bu görüşlər razılaşmanın son şansı kimi qiymətləndirilir. Əgər iyunun 15-dək razılıq əldə olunmasa, İranın bombalanması real gündəm olacaq.”
Bu fikirləri politoloq Əhməd Şahidov News365.az-a açıqlamasında səsləndirib.
O bildirib ki, İsrail artıq açıq şəkildə ordusunun müharibəyə tam hazır olduğunu bəyan edib:
“İsrail Silahlı Qüvvələri sürətli və genişmiqyaslı müharibəyə hazırdır. Məqsəd, ilk mərhələdə İranın hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaq, həm yerüstü, həm də yeraltı nüvə obyektlərinə zərbələr endirməkdir. İsrail ‘F35’ , uzaqmənzilli qanadlı raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə etməklə İranın müqavimətini qısa müddətdə sındırmağı hədəfləyir.
Politoloq qeyd edir ki, bu arada İran da cavab variantlarını nəzərdən keçirir və müharibəyə ciddi şəkildə hazırlaşır:
“İran cavab olaraq həm İsrail ərazisini, həm də ABŞ-ın İraq, Suriya və Fars körfəzində yerləşən hərbi bazalarını ‘Zülfuqar’, ‘Qasım’ və digər uzaqmənzilli raketlərlə hədəfə almağa hazırlaşır.”
Əhməd Şahidov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) son açıqlamasına da diqqət çəkib:
“AEBA-nın İranın nüvə proqramı ilə bağlı öhdəlikləri pozduğu barədə yayımladığı məlumat vəziyyəti daha da gərginləşdirib. Artıq diplomatik kanalların bağlanmaq üzrə olduğunu və hərbi ssenarinin getdikcə daha real göründüyünü demək olar.”
Politoloq sonda əlavə edib ki, İsrail və İran tərəflərinin ritorikası və hərbi hazırlığı qarşıdurmanın daha da kəskinləşəcəyinə işarədir:
“İyunun 15-dək əldə olunacaq nəticələr Yaxın Şərqin gələcək taleyini müəyyən edəcək. Bu tarixdən sonra baş verəcək proseslər, ehtimal ki, artıq diplomatiya ilə deyil, güc dili ilə davam edəcək.”