Uşaqlı ailələr arasında sosial dəstəyin genişləndirilməsi ilə bağlı müzakirələr başlayıb. Hazırda ünvanlı dövlət sosial yardımı alan ailələrdə 1 yaşınadək uşaqlar üçün aylıq 140 manat məbləğində əlavə müavinət verilir. Bu ödəniş uşağın bir yaşı tamam olan ayın sonunadək davam edir. Son günlər həmin müavinətin yaşayış səviyyəsi orta və ya yalnız bir üzvü çalışan ailələrə də şamil olunması ehtimalı gündəmə gətirilib.
Deputat Fazil Mustafa deyib ki, bu məsələdə büdcənin imkanları əsas götürülməlidir:
“Bəzən belə prosesləri xarici ölkələrlə müqayisə edir, yaxud buna şəxsi gözləntilərimiz əsasında yanaşırıq. Lakin büdcə hazırlanarkən onun real imkanları nəzərə alınmalıdır. Hazırda əsas məqsəd məşğulluğu artırmaq, özəl sektorun inkişafını stimullaşdırmaq və büdcədən asılı vətəndaşların sayını azaltmaq olmalıdır. Amma son illər əksinə, vətəndaşların dövlət dəstəyindən asılılığı daha da artır və bu, əlavə çətinliklər yaradır”.
Deputat qeyd edib ki, ailəyə düşən yükün daha çox işləyən əhali və məşğulluq imkanlarının genişləndirilməsi hesabına azaldılması vacibdir:
“Sahibkarlara daha çox sərbəstlik verilməli, yeni iş yerlərinin açılması təşviq olunmalıdır ki, insanlar dövlət müavinətlərinə ümid etməsinlər. Ödənişlər isə yalnız həqiqətən ehtiyacı olan uşaqlı ailələrə verilməlidir. Belə olduqda həmin ailələrə daha yüksək məbləğdə yardım göstərmək də mümkün olar. Çünki subyektlərin sayı çox olduqda müavinət məbləğinin hamıya çatması üçün onun azalması qaçılmaz olur”. /// Globalinfo.az