YENİLİK: Süni intellekt prostat xərçəngi diaqnozunu bir günə sona çatdıracaq

YENİLİK: Süni intellekt prostat xərçəngi diaqnozunu bir günə sona çatdıracaq
12:16

Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS England) pilot layihəyə start verib. Layihə çərçivəsində prostat xərçəngi şübhəsi olan kişilər diaqnozu bir gün ərzində ala biləcəklər.
Bu barədə SkyNews yazıb.

Yeni sistem maqnit-rezonans tomoqrafiyası (MRT) şəkillərinin süni intellekt (Sİ) vasitəsilə analizinə əsaslanır və bu, diaqnoz prosesini xeyli sürətləndirir.

Süni intellekt alqoritmi şəkillərdə şübhəli sahələri cəmi bir neçə dəqiqəyə aşkar edə bilir. Əgər risk yüksəkdirsə, məlumatlar rentgenoloqa prioritet şəkildə göndərilir.

Əgər şübhə təsdiqlənərsə, pasiyentə həmin gün biopsiya təyin olunur — yəni, ənənəvi şəkildə müayinələr arasında olan bir neçə həftəlik fasilə aradan qalxır.

Proqram ilkin mərhələdə İngiltərədəki 15 xəstəxanada sınaqdan keçiriləcək. NHS-in qiymətləndirməsinə görə, yeni texnologiya diaqnozun qoyulma müddətini bir neçə həftədən bir günə endirə bilər. Bu isə prostat xərçənginin erkən aşkarlanması üçün xüsusilə vacibdir.

Qeyd edək ki, bu xəstəlik kişilər arasında ən geniş yayılmış onkoloji növlərdən biridir.

Hazırda standart prosedur terapevtdən göndəriş alındıqdan sonra təxminən bir həftə çəkir, lakin praktikada MRT mütəxəssislərinin çatışmazlığı səbəbindən müddət daha uzun olur. Həkimlərin fikrincə, Sİ-nin tətbiqi həm rentgenoloqların yükünü azaldacaq, həm də diaqnostikanın dəqiqliyini artıracaq.


Sizin reklam burada
Sizin reklam burada