Yeni dini lider haradadır? – Müctəba Xameneinin dəfndə görünməməsinin pərdəarxası

Yeni dini lider haradadır? – Müctəba Xameneinin dəfndə görünməməsinin pərdəarxası
13:15

ABŞ və İsrailin hava hücumu nəticəsində həlak olan İranın keçmiş ali dini lideri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimi İrandan sonra İraqın Nəcəf və Kərbəla şəhərlərində davam edir. Mərasimdə mərhum liderin oğulları Mustafa, Meysəm və Məsud Xamenei iştirak etsə də, yeni ali dini lider elan edilən Müctəba Xameneinin ortalıqda görünməməsi böyük suallar doğurub.

Mövzu ilə bağlı News365.az-a mühüm açıqlamalar verən politoloq Turan Rzayev, İranda pərdəarxası ciddi proseslərin getdiyini və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nəzarəti tam ələ keçirdiyini idarə edib.

Politoloq yeni lider Müctəba Xameneinin mərasimlərə qatılmamasının arxasındakı müəmmaya diqqət çəkib:

“Rəsmi mənbələr Müctəba Xameneinin təhlükəsizlik məqsədilə iştirak etmədiyini desə də, qeyri-rəsmi iddialara görə, o, atasının ölümünə səbəb olan hücumda ağır yaralanıb, üzü tanınmaz hala düşüb və ayaqlarından ciddi xəsarət alıb. Əgər vəziyyət belədirsə, o, faktiki olaraq lider kimi qala bilməz. İran Konstitusiyasının 111-ci maddəsinə görə, lider vəzifələrini yerinə yetirə bilmirsə, Ekspertlər Məclisi onu vəzifədən kənarlaşdırmalıdır. Lakin məclis heç bir tədbir görmür”.

Turan Rzayev bu vəziyyətin SEPAH-ın ölkədə səssiz bir çevriliş etməsi iddialarını gücləndirdiyini bildirib:

“Əli Xameneinin ölümündən dərhal sonra Müctəbanın tələsik lider elan edilməsi bu iddiaları aktuallaşdırır. İranda hakimiyyətin atadan oğula keçməsi inqilabın fəlsəfəsinə ziddir. Üstəlik, Müctəba Xamenei 'mərceyi-təqlid' statusuna sahib deyil, lakin onun digər qardaşları bu statusa malikdir. Görünür, SEPAH-a onu idarə edəcək yeni bir rəhbər yox, özlərinin idarə edə biləcəyi 'kukla' bir lider lazımdır. Prezident Məsud Pezeşkianın da istefa vermək istəməsi və sözünün eşidilmədiyini bəyan etməsi bu xaosun göstəricisidir”.

Politoloq Xamenei ailəsi ilə SEPAH arasında ciddi incikliyin yarandığını da qeyd edib:

“Ailə, SEPAH-ın öz ambisiyaları naminə ali rəhbəri və ailə üzvlərini məqsədyönlü şəkildə qurban verdiyini, qarşı tərəfə kəşfiyyat məlumatı ötürdüyünü düşünə bilər. Əgər Müctəba Xameneinin ağır vəziyyətdə olması səbəbindən yeni lider məsələsi gündəmə gələrsə və ailədən kənar kimsə seçilərsə, bu inciklik daha da dərinləşəcək. Belə bir məqamda Xamenei ailəsinin bir çox üzvünün hədəf olmamaq üçün İranı tərk etməsi də istisna deyil”.


Sizin reklam burada
Sizin reklam burada