Xəzər rayonunda görkəmli oftalmoloq, ictimai xadim, akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkilləri Musa Quliyev, Gülşən Paşayeva, tarix elmləri doktoru Dilarə Seyidzadə, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, RİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, təhsil, səhiyyə müəssisələrinin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Xəzər Rayon İcra Hakimiyyəti və YAP Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə Zirə Mədəniyyət Mərkəzi - Eko-Parkda təşkil olunan tədbirdə qonaqlar öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. Sonra dəyərli oftolmoloq Zərifə Əliyevaya həsr olunmuş sərgiyə baxış keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbir Ümummilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib.

Daha sonra Zərifə Əliyevanın həyatına həsr edilmiş videofilm nümayiş etdirilib.

Nümayişdən sonra RİH başçısı Elşən Salahov açılış nitqi ilə çıxış edərək müstəsna xidmətləri ilə əbədilik qazanan Zərifə Əliyevanın mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi haqda geniş məruzə edib.

E.Salahov məruzəsində qeyd edib ki, bu gün Azərbaycanda tibb sahəsinin inkişafına mühüm töhfələr vermiş, minlərlər insana nur bəxş etmiş, əməkdar elm xadimi Zərifə Əliyevanın işığına toplaşmışıq: “Təkcə Azərbaycanın deyil, dünya tibb elminə öz töhfələrini verən, akademik Zərifə xanım Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdıb.

Zərifə xanım Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin , 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olub. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə xanım Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. Zərifə xanım bu mükafata layiq görülmüş ilk azərbaycanlı qadın olub”.

Tarix elmləri doktoru Dilarə Seyidzadə çıxışında Zərifə xanımın Azərbaycan qadınlarının, azərbaycanlı anaların təcəssümü, idealı olduğunu vurğulayıb: “Böyük alim olan Zərifə xanım öz gərgin elmi fəaliyyəti ilə yanaşı analıq vəzifəsinin öhdəsindən də çox gözəl gəlib. O, ömür-gün yoldaşı Heydər Əliyev ilə birlikdə qəlblərində daim Azərbaycan sevgisi yaşayan, vətənimizin qüruru sayılan övladlar yetişdirib. Elə bir övlad ki, bu gün Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə çatdırıb. Dövlət rəhbərimiz olan cənab İlham Əliyevə bu torpağa, bu Vətənə tükənməz sevgini məhz anası Zərifə xanım aşılayıb”.

Milli Məclisin deputatları Musa Quliyev, Gülşən Paşayeva və YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov öz çıxışlarında qeyd ediblər ki, Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi: “O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib”.

Tədbirdə çıxış edən Sanator-kurort reabilitasiya mərkəzinin direktoru Mürsəl Mürsəlov bildirib ki, Zərifə xanım dünya oftalmologiyasında qəbul olunmuş görkəmli bir alimdir: “Zərifə Əliyeva ona görə böyük alim və hörmətli həkim idi ki, onun peşəkarlığı şəxsiyyəti ilə vəhdət təşkil edirdi”.

Çıxışlardan sonra tədbir gənc müğənnilərin ifaları ilə davam etdirilib.