Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “2 fevral - Azərbaycan Gəncləri Günü” münasibətilə bayram tədbiri keçirilib.
Mərdəkan Mədəniyyət Sarayı ilə birgə keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Soltan Məmmədov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin nümayəndələri, rayonun ictimai-siyasi, mədəni həyatında fəal iştirak edən gənclər və Vətən Müharibəsi iştirakçıları iştirak ediblər.
Öncə mədəniyyət sarayının foyesində təşkil olunmuş sərgiyə baxış keçirilib. Sərgidə gənc rəssamların müxtəlif mövzulara həsr olunmuş əl işləri sərgilənib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu günün əhəmiyyətini vurğulayaraq, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən uğurlu gənclər siyasəti barədə ətraflı məlumat verib. Gənclərə hər zaman böyük diqqət və qayğı ilə yanaşan Ümummilli Liderin onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verdiyini vurğulayan rayon rəhbəri, bu siyasətin müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi bu gün də cənab Prezident İlham Əliyev tərəfindən davam etdirildiyi iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin qeyd edib ki, həyata keçirilən gənclər siyasətinin nəticəsində, əsasən gənclərdən ibarət olan müzəffər ordumuz 44 günlük Vətən müharibəsində igidlik, şücaət göstərərək tarixi torpaqlarımızı düşməndən azad edib. Sonda E.Salahov gəncləri bir daha təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb.
Çıxış edən Milli Məclisin deputatı S.Məmmədov qeyd edib ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik ruhda tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
Ümumilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının gəncliyin inkişafına xüsusi diqqət yetirirdiyini çıxışında qeyd edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, ölkə Prezidentinin gənclər sahəsində daxili və xarici siyasətinin, icra edilən bir çox layihələrin Xəzər rayon gənclərinin də həyatında mühüm rol oynadığını, onlar üçün geniş imkanlar yaratdığını vurğulamışdır
Daha sonra çıxış edən Vətən Müharibəsi qazisi Elnur Ağacanov və gənc tələbə Aydan Xanəhmədli müxtəlif sahələrdə uğur qazanan, özünü təsdiqləyən Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi olduğunu bildirdilər. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə ön və arxa cəbhədə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfərlə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.
Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərərək, yüksək nailiyyətlər əldə edən bir qrup gənc Xəzər Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Təşəkkürnamə ilə təltif olunub, xatirə şəkili çəkilib.
Təltiflərdən sonra tədbir konsert proqramı ilə davam edib.