Ukrayna ordusunun məhdudlaşdırılması təhlükəsizlik risklərini artırır

Ukrayna ordusunun məhdudlaşdırılması təhlükəsizlik risklərini artırır
16:13

Tramp administrasiyasının sülh planı Ukrayna ordusunun sayının iki dəfə yarım azaldılmasını nəzərdə tutur. Ukraynanın ordusunun sayının azaldılması bir sıra suallar yaradıb. Ekspertlər bildirirlər ki, bu yanaşma həm Kiyevin son illər formalaşdırdığı müdafiə strategiyasına, həm də təhlükəsizlik baxımından mövcud vəziyyətə ziddir.

Politoloq Sultan Zahidov News365.az-a açıqlamasında məsələ ilə bağlı bunları deyib:



“Əslində bu, Ukraynanın son vaxtlar səsləndirdiyi siyasi ritorikaya uyğun deyil. Zelenski və digər rəhbərlik dəfələrlə bildiriblər ki, Ukraynanın gələcək təhlükəsizliyi üçün əsas dayağı öz ordusu olmalıdır. Çünki nə Avropa, nə də ABŞ Ukraynaya genişmiqyaslı qoşun göndərməyə hazır deyil. Buna görə ölkə daxilində vahid fikir formalaşmışdı ki, Ukrayna öz təhlükəsizliyini gücləndirilmiş ordusu ilə təmin etməlidir. Bu şərt isə həmin mövqeyə ziddir”.

Ekspertin sözlərinə görə, ordunun məhdudlaşdırılması həm gələcək hücum risklərini artırır, həm də Ukraynanın mövqeyini zəiflədir:

“Adətən belə şərtlər müharibədə məğlub tərəfə tətbiq olunur. Tarixdə Almaniyaya qarşı oxşar məhdudiyyətlər qoyulmuşdu. Amma bu gün işğala məruz qalan, təzyiqlərlə üzləşən Ukraynadan qoşunlarını azaltmaq tələb olunur. Bu, gələcəkdə yenidən işğal cəhdləri olsa, Ukraynanı daha zəif vəziyyətə sala bilər”.

Sultan Zahidov həmçinin təhlükəsizlik zəmanətlərinə də etimadın yüksək olmadığını vurğulayıb:

“Tarixdə çoxlu təhlükəsizlik sənədləri imzalanıb, sonra pozulub. Məsələn, 1939-cu ildə ‘hücum etməmək paktı’ vardı, amma iki il sonra pozuldu. Ona görə də Ukrayna kimi strateji və daim təhdid altında olan ölkənin ordusunu kütləvi şəkildə azaltması heç də praqmatik addım olmaz”.


Sizin reklam burada
Sizin reklam burada