“Uğur çalışana qismət olur” - imtahanda 60 bal toplayan MÜƏLLİM

“Uğur çalışana qismət olur” - imtahanda 60 bal toplayan MÜƏLLİM
24 İyn 2025 17:22

Hər uğurun arxasında görünməyən fədakarlıqlar, susqun mübarizələr və səssiz yuxusuz gecələr yatır. Elə bu yollardan keçərək uğura çatanlardan biri də Şamaxının Kərkənc kəndində çalışan biologiya müəllimi Gülnar Cəfərovadır. Bu gün onun 60 balla uğurla keçdiyi sertifikatlaşdırma imtahanı, əslində illərlə formalaşan əzmin, səbirin və peşəyə olan sevginin nəticəsidir.

News365.az xəbər verir ki, Gülnar müəllim qazandığı uğurun sevincini “Azərbaycan müəllimi” ilə bölüşüb.

Bildirib ki, 2016-cı ildən müəllimlik peşəsini şərəflə daşıyır. Müəllimlərin sertifikasiya imtahanına böyük həvəs və istəklə hazırlaşıb. Hazırlıq müddətində bir sıra çətinliklərlə üzləşsə də, bu, onu dayandırmayıb, əksinə, daha da ruhlandırıb. "İmtahanda bir qədər həyəcanlı olsam da, ümumilikdə proses rahat keçdi", - deyə o bildirir.

Gülnar müəllim üçün bu 60 bal sadəcə bir nəticə deyil. Bu, onun aylarla çəkdiyi əziyyətin, yuxusuz gecələrinin, erkən səhərlərini dərslərə həsr etməsinin, ailə çətinliklərinə baxmayaraq özünə və yoluna inamının təzahürüdür.  Qeyd edir ki, hazırlıq müddətində ən böyük dəstəkçisi ailəsi olub.

İşləyən müəllim kimi eyni anda həm dərslərə cavabdeh olmaq, həm də şəxsi hazırlığını davam etdirmək Gülnar xanım üçün məsuliyyətli, lakin bir o qədər də dəyərli bir proses olub. “Şagirdlərin gülüşü, onlarla keçirdiyim vaxt mənim üçün ən böyük motivasiyadır”, - o deyir.

Onun fikrincə, sertifikatlaşdırma imtahanı müəllimin peşəkarlığının göstəricisidir. Peşəkar inkişaf yolunda əsas hədəfi isə şagirdlərinə yalnız dərs keçmək deyil, həm də onların şəxsiyyət kimi formalaşmasında dayaq olmaqdır.

Sonda gənc müəllimlərə səslənən Gülnar Cəfərova onlara belə bir tövsiyə verir: “Çətinliklərdən qorxmayın və əsla geri çəkilməyin. Əzmlə çalışın. Uğur çalışana qismət olur”.

***

Şəmkir şəhəri Kimya-biologiya təmayüllü liseyin biologiya müəllimi Samirə Məsimova bu gün keçirilən sertfikatlaşdırma imtahanından 60 bal toplayıb.

News365.az xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.


Sizin reklam burada
Sizin reklam burada