11 noyabrda Gəncədən Türkiyəyə uçan C-130 təyyarəsinin Gürcüstanda qəzaya uğraması və nəticədə 20 hərbçinin şəhid olması Türkiyə ordusundakı təyyarə qəzalarını gündəmə gətirib.
Türkiyə hərbi aviasiya tarixində bir sıra böyük qəzalar baş verib.
İlk böyük insidentlərdən biri 1959-cu ildə Eskişehirdə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-47 “Dakota” təyyarəsinin təlim uçuşu zamanı qəzaya uğraması və 21 hərbçinin həlak olmasıdır.
1961-ci ildə növbəti ağır qəza baş verib. Belə ki, Ankaradan havaya qalxan C-47 “Dakota” təyyarəsi havaya qalxdıqdan az sonra qəzaya uğrayıb və yanıb. Hadisə zamanı 25 hərbçi həlak olub. Bu, dövrün ən ağır itkilərindən biri idi.
1963-cü ildə yenə Ankarada hərbi aviasiya tələbələrini daşıyan başqa bir C-47 “Dakota” təlim təyyarəsi Ayşehir yolu yaxınlığında qəzaya uğrayıb. Təyyarə havaya qalxarkən alışıb və nəticədə 22 gələcək hərbi pilot həlak olub.
1968-ci ildə bir qrup F-84F döyüş təyyarəsi Konya üzərində uçuş zamanı toqquşub. Bu ölümcül qəza doqquz təcrübəli pilotun ölümü ilə nəticələnib və Türkiyə döyüş aviasiyasında ən ağır itkilərdən biri hesab olunur.
Türk ordusunun tarixində ən böyük fəlakətlərdən biri 1981-ci ildə Spartada baş verib, heyət və əsgərləri daşıyan böyük C-130 “Herkules” yük təyyarəsi sıx duman səbəbindən Eğri gölünə düşüb. Təxminən 10 gün davam edən axtarışlardan sonra təyyarədə olan 30 əsgərdən heç birinin sağ qalmadığı məlum olub.
Ən dəhşətli qəzalardan biri 1993-cü ildə Bingöldə Silopidən Ankaraya uçan C-130 təyyarəsinin dağa çırpılması nəticəsində baş verib. Hadisə Türkiyə Hərbi Hava Qüvvələri tarixində 37 hərbçinin həyatına son qoyan ən ölümcül qəzalardan biri olub.
2001-ci ildə Afyonkarahisarın Akdağ rayonunda C-130 Herkules təyyarəsi zəif görmə və çətin hava şəraiti səbəbindən qəzaya uğramışdı. Sərnişinlər arasında Türkiyə ordusunun hərbçiləri də olub və bu qəzada 34 əsgər həyatını itirib.
2018-ci ildə T-38 “Talon” təlim təyyarəsi Eskişehirdə qəzaya uğrayıb, iki pilot həlak olub.
2021-ci ildə “Türk Ulduzları” nümayiş qrupuna aid NF-5 təyyarəsi Konyada təlim uçuşu zamanı qəzaya uğrayıb.
Təhlillər göstərir ki, ən çox ölümlə nəticələnən qəzalar C-130 “Herkules” yük təyyarələrinin iştirakı ilə baş verib. Bu qəzaların əsas səbəbi kimi pis hava şəraiti, texniki problemlər və insan səhvi göstərilir.