Bakı şəhərində yerləşən Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında
təşkilatın prezidenti, professor Aktotı Raimkulovanın Azərbaycan kütləvi
informasiya vasitələrinin nümayəndələri ilə görüşü keçirilib.
Görüş zamanı Fondun prezidenti, professor Aktotı Raimkulova media nümayəndələrinə
təşkilatın fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, əldə olunan nəticələr
və qarşıdakı dövr üçün nəzərdə tutulan planlar barədə məlumat verib. O, Türk Mədəniyyəti
və İrsi Fondunun fəaliyyətinin geniş auditoriyaya çatdırılmasında kütləvi
informasiya vasitələrinin mühüm rolunu vurğulayaraq qeyd edib ki, Fond türk
dünyasının zəngin mədəniyyəti və irsinin beynəlxalq müstəvidə təbliğinə töhfə
verən əsas beynəlxalq qurumlardan biridir. Onun sözlərinə görə, 2024–2025-ci
illər ərzində Fond tərəfindən 135-dən çox kompleks layihə, tədbir və təşəbbüs həyata
keçirilib.
Görüş zamanı Fondun tərkibinin genişləndiyi də diqqətə çatdırılıb.
Bildirilib ki, 2025-ci ildə Özbəkistan Fonda tamhüquqlu üzv kimi qoşulub, Türkmənistan
isə müşahidəçi statusu əldə edib.
Görüş çərçivəsində maddi mədəni irsin qorunmasına yönəlmiş layihələr də
təqdim olunub. Bu layihələrə Qırğızıstanda Alıkul Osmonovun ev-muzeyinin bərpası,
Azərbaycanın Füzuli rayonunda yerləşən Qoçəhmədli məscidinin bərpası, eləcə də
Qazaxıstanda qədim Kulan şəhərciyinin muzeyləşdirilməsi daxildir. Bununla
yanaşı, iştirakçılara türk dünyasının mədəni irsinin təbliğinə yönəlmiş nəşr layihələri
və rəqəmsal təşəbbüslər barədə də məlumat verilib.
Sonda Fondun prezidenti media nümayəndələrinə təşkilatın fəaliyyətinə
göstərdikləri diqqətə və informasiya dəstəyinə görə təşəkkürünü bildirib,
medianın türk xalqlarının ortaq mədəni irsinin təbliğində etibarlı tərəfdaş
olduğunu vurğulayıb.
Tədbir Fondun prezidenti tərəfindən media nümayəndələrinin şərəfinə təşkil olunan iftar süfrəsi ilə davam edib.





