Prezident İlham Əliyev: “Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar”
2025-ci il 22 avqust tarixində Türkmənistanın
Avaza şəhərində Türkmənistan Respublikası, Azərbaycan Respublikası və
Özbəkistan Respublikası arasında keçirilən yüksək səviyyəli üçtərəfli görüş
mühüm tarixi hadisə kimi yadda qaldı. Görüşün yekunlarına dair çıxış edən
Azərbaycan Prezidenti İlham Əliyev, həm regional əməkdaşlıq, həm də xalqlar
arasında qardaşlıq münasibətlərinin gələcəyinə dair dərin və əlamətdar fikirlər
səsləndirdi. Prezidentin bəyanatı təkcə siyasi əməkdaşlığın deyil, eyni zamanda
ortaq tarix, mədəniyyət və mənəvi bağlar üzərində qurulmuş möhkəm dostluğun
təzahürü kimi qiymətləndirilməlidir.
Prezident
İlham Əliyev Avaza şəhərinə bu səfərinin ikinci olduğunu qeyd edərək, burada
baş verən inkişafın göz önündə olduğunu vurğuladı. Onun sözlərinə görə, şəhərin
sürətli inkişafı və abadlığı, Türkmənistanın ümumi tərəqqisinin bir
nümunəsidir. Xüsusilə Qurbanqulu Məlikquliyeviç Berdımuhamedovun müdrik
rəhbərliyi altında ölkənin dinamik şəkildə inkişaf etdiyi vurğulanaraq, bu
prosesin ölkənin müxtəlif bölgələrini əhatə etdiyi bildirildi.
Prezident
Əliyev qeyd etdi ki, “ölkə etibarlı əllərdədir”, bu isə təkcə iqtisadi
inkişafın deyil, siyasi sabitliyin, milli birlik və rifahın da göstəricisidir.
Avazadakı infrastruktur layihələri, yeni salınan şəhərlər və müasir
urbanizasiya təşəbbüsləri, Türkmənistanın regionda dayanıqlı inkişaf modeli
kimi çıxış etdiyini göstərir.
Tədbir
zamanı imzalanan sənədlər sırasında xüsusi diqqət çəkən hadisə Arxadağ və
Füzuli şəhərlərinin qardaşlaşması haqqında sənəd oldu. Bu sənəd simvolik anlam
daşıyır. Qardaşlaşma təkcə iki şəhər arasında əməkdaşlıq deyil, əslində iki
xalq arasında qardaşlığın, birliyin, ortaq gələcəyə olan inamın təsdiqidir.
Füzuli –
Azərbaycanın işğaldan azad olunmuş bölgələrindən biri olaraq, son illər ərzində
bərpa və yenidənqurma işlərinin mərkəzinə çevrilib. Arxadağ isə Türkmənistanın
yeni və müasir şəhəri olaraq, innovasiyaların və milli intellektual potensialın
təcəssümüdür. Bu iki şəhərin qardaşlaşması, keçmişlə gələcəyin, zəfərlə
quruculuğun vəhdətini ifadə edir.
Prezident
İlham Əliyev çıxışında Azərbaycan və Türkmənistan xalqlarının əsrlər boyu bir
ailə, bir toplum kimi yaşadığını xatırlatdı. “Türkmən və Azərbaycan xalqları
əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar” fikri, bu
münasibətlərin sadəcə diplomatik deyil, mənəvi və tarixi əsaslara söykəndiyini
bir daha göstərir. Bu gün isə həmin qardaşlıq müstəqil dövlətlər arasında
strateji tərəfdaşlığa çevrilib. Siyasi əməkdaşlıq, energetika, nəqliyyat,
ticarət və humanitar sahələrdə həyata keçirilən layihələr bu əməkdaşlığın
praktiki nəticələrini ortaya qoyur. Eyni zamanda, mədəni əlaqələrin inkişafı,
ortaq türk irsinin qorunması və təşviqi sahəsində birgə fəaliyyətlər xalqlar
arasında bağların daha da güclənməsinə xidmət edir.
Avaza görüşü
həm də Türk dünyasının birliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan,
Türkmənistan və Özbəkistan kimi türk dövlətlərinin yüksək səviyyəli görüşləri,
yalnız ikitərəfli münasibətlərin deyil, ümumtürk inteqrasiyasının təməl
daşlarını möhkəmləndirir.
Prezident
Əliyevin vurğuladığı kimi, “bu ənənələrə sadiqlik və yeni üfüqlərə doğru birgə
addımlamaq” ideyası, ortaq tarixin, dilin və mədəniyyətin müasir çağırışlara
uyğun olaraq yeni mərhələyə keçməsinin göstəricisidir. Bu həm də regionda sülh,
sabitlik və davamlı inkişafın təmin olunmasına töhfə verir.
Məlum olduğu
kimi Türkmənistanın sabiq Prezidenti Qurbanqulu Məlikquliyev bu ilin iyul
ayında Azərbaycana etmişdir. Həm Bakıda, həm də Qarabağ bölgəsində baş tutan
ikigünlük görüşlər zamanı hər iki lider geniş spektrli məsələləri müzakirə edib
və bir daha nümayiş etdirilib ki, iki ölkənin yanaşmaları bir-birini
tamamlamaqla bərabər, ümumi strateji istiqamətdə birləşir. Bu faktın özü,
Azərbaycan və Türkmənistan arasında qarşılıqlı inam və hörmətə əsaslanan
əməkdaşlığın nə qədər dərin və əhatəli olduğunu göstərir. Prezident Əliyevin
bəyanatında xüsusi yer tutan məsələlərdən biri də Qurbanqulu Məlikquliyeviçin
Qarabağ bölgəsinə səfəri oldu. Bu səfər, Azərbaycan-Türkmənistan
münasibətlərində dostluğun və qardaşlığın rəmzi olaraq qiymətləndirilə bilər.
Qarabağın dirçəliş dövründə belə bir ziyarət, Azərbaycan xalqı üçün həm mənəvi
dəstək, həm də regional həmrəylik baxımından olduqca dəyərli jestdir. Bu, təkcə
iki liderin şəxsi münasibətlərini deyil, eyni zamanda dövlətlərarası
münasibətlərin mənəvi və strateji dərinliyini nümayiş etdirir.
Azərbaycan
və Türkmənistanın bir çox regional və beynəlxalq məsələlərdə ortaq mövqedən
çıxış etməsi, regionda sabitlik, əməkdaşlıq və müstəqillik prinsiplərinə
sadiqliklərinin göstəricisidir. Xəzər dənizinin hüquqi statusu, enerji
resurslarının istifadəsi, nəqliyyat və tranzit imkanlarının inkişafı, Türk
Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya kimi sahələrdə ölkələrin
mövqeləri tamamilə üst-üstə düşür. Bundan əlavə, beynəlxalq platformalarda
bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyən bu iki dövlət,
həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq modellərinin formalaşmasında
nümunəvi əməkdaşlıq sərgiləyir.
İlham
Əliyevin Avazada verdiyi bəyanat, təkcə bir səfərin və ya imzalanan sənədlərin
yekunu deyil. Bu, Azərbaycan və Türkmənistan arasında qardaşlıq
münasibətlərinin davamlılığının, Türk dünyasında birliyin, regional
əməkdaşlığın və qarşılıqlı etimadın güclü rəmzidir. Prezidentin “Türkmənistan
əmin əllərdədir” sözləri isə yalnız bugünkü vəziyyətə deyil, eyni zamanda
gələcəyə olan inamın, dostluğun və ortaq dəyərlərə əsaslanan münasibətlərin
ifadəsidir. Bu tarixi görüş və çıxış, Türk dünyasının parlaq gələcəyinə doğru
atılan mühüm addım kimi tarixdə qalacaq.
Zenfira Nurullayeva
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin
xor ixtisası üzrə müəllimi,
Azərbaycan Respublikasının Əməkdar müəllimi