ABŞ-ın keçmiş prezidenti Donald Tramp-ın İranın nüvə obyektlərinə hava hücumu barədə verdiyi qərar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq və müzakirələrə səbəb olub. ABŞ qırıcılarının ötən gün İranın nüvə obyektlərini ağır bombalarla vurması diplomatik gərginliyi daha da artırıb.
Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, bu hücumdan cəmi 24 saat əvvəl Donald Tramp diplomatik kanalların hələ də açıq olduğunu və danışıqlar üçün imkanların mövcudluğunu bəyan etmişdi. Lakin gözlənilmədən həyata keçirilən bu hücum ABŞ daxilində də ciddi fikir ayrılığı yaradıb.
ABŞ qanunvericiliyinə əsasən, hərbi əməliyyatların başlanması, xüsusilə müharibə elan olunması yalnız Senatın səlahiyyətindədir. Prezident isə yalnız Ali Baş Komandan səlahiyyətləri çərçivəsində əməliyyatlara rəhbərlik edə bilər. Lakin Tramp-ın Senatın təsdiqi olmadan, onun məlumatı xaricində bu addımı atması siyasi dairələrdə mübahisəli məsələ kimi qiymətləndirilir.
Məsələ ilə bağlı politoloq Əhməd Şahidov News365.az-a açıqlamasında bildirib ki, Tramp-ın bu addımı təkcə beynəlxalq səviyyədə deyil, ABŞ daxilində də ciddi etirazlara səbəb olub:
“Donald Tramp bu qərarı senatın razılığı olmadan, qəfil şəkildə qəbul edib. Hücumun vaxtı və intensivliyi göstərir ki, bu, əvvəlcədən planlaşdırılmış addım idi. Halbuki, ABŞ konstitusiyasına görə müharibə elan etmək səlahiyyəti yalnız Senata məxsusdur. Bu da ölkə daxilində hüquqi və siyasi mübahisələr doğurur,” – deyə Əhməd Şahidov bildirib.
Qeyd edək ki, ötən noyabrda keçirilən seçkilərdən sonra Donald Tramp təkcə prezident kimi deyil, onun təmsil olunduğu Respublikaçılar Partiyası da Senatda əhəmiyyətli üstünlük əldə edib. Hazırda Senatın 53 üzvü respublikaçı, 45-i demokrat, 2 üzv isə müstəqildir.
Hazırkı vəziyyət isə göstərir ki, İranla bağlı ABŞ siyasəti yeni və daha gərgin bir mərhələyə qədəm qoyur