Tramp gecə atəşkəs anonsu verdi, İran səhər İsraili vurdu

Tramp gecə atəşkəs anonsu verdi, İran səhər İsraili vurdu
10:32

Xəbər verdiyimiz kimi KİV İranın İsrailə növbəti dəfə raket zərbələri endirdiyini yazıb. İranın Fars xəbər agentliyi yayılan xəbərlərin doğru olması barədə məlumat yayıb. Nəşr yazıb ki, Hayfa şəhərinə və İsrail Hərbi Hava Qüvvələrinin Ramat David bazasına hücum təşkil olunub. 


Jurnalistlər zərbələrin iyunun 24-ü səhər saatlarında həyata keçirildiyini qeyd ediblər. Hücumların nəticələri barədə məlumat verilmir.


İyunun 24-nə keçən gecə ABŞ prezidenti Donald Tramp İran və İsrailin atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. Onun sözlərinə görə, bir gündən sonra dünya “12 günlük müharibənin rəsmi sonunu” alqışlayacaq.


Eyni zamanda, İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ölkənin İsraillə atəşkəs və ya hərbi əməliyyatlar barədə hələlik hər hansı razılaşması yoxdur. Onun sözlərinə görə, bu təşəbbüslə bağlı yekun qərarın sonradan verilməsi planlaşdırılırdı.

Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ prezidenti Donald Tramp ölkənin hərbi hava qüvvələrinin Fordo, Natanz və İsfahan da daxil olmaqla İranın üç nüvə obyektinə hücum etdiyini açıqladı. Amerika lideri bunu ABŞ, İsrail və bütün beynəlxalq ictimaiyyət üçün “tarixi an” adlandırıb və bildirib ki, bu “heyrətamiz uğurdan” sonra İran sülhə razı olmalıdır. Eyni zamanda, İran İslam Respublikası isə iddia edir ki, ABŞ-ın zərbələri onların mühüm obyektlərinə ciddi ziyan vurmayıb. İran buna cavab olaraq ABŞ-nin Yaxın Şərq ölkələrindəki bir neçə bazasına hücum edib. Qətərə, İraqa raketləin atılmasını əks etdirən videolar yayılıb.

İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.

Tural


Sizin reklam burada
Sizin reklam burada