ABŞ-nin paytaxtı Vaşinqton şəhərində Azərbaycan və Ermənistan arasında sülh prosesində tarixi addım atılıb. Avqustun 8-də ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilən görüşdə iki ölkə liderləri regionun sülh və əməkdaşlıq məkanına çevrilməsi istiqamətində mühüm irəliləyiş əldə ediblər.
Milli Məclisin deputatı Samir Vəliyev News365.az-a açıqlamasında bildirib ki, Azərbaycan daim regionda sülhün bərqərar olması üçün təşəbbüslər göstərib:
“Dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Cənubi Qafqazın əməkdaşlıq məkanına çevrilməsi üçün real zəmin yaranmışdı. Məhz rəsmi Bakı Ermənistanla sülh sazişinin imzalanmasını təklif etmişdi. Yeni reallıqlar bölgədə sülh və əməkdaşlıq imkanlarını təşviq edir. İndiyədək bu imkanın olmamasının əsas səbəbi Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxın müddətdə işğal altında saxlaması idi”.
Deputat qeyd edib ki, 10 iyul tarixində Birləşmiş Ərəb Əmirliklərinin Əbdü Dabi şəhərində baş tutan Azərbaycan–Ermənistan liderləri görüşündə iki tərəfli danışıqların normallaşma prosesi üçün ən səmərəli format olduğu təsdiqlənib və nəticəyönlü dialoqun davam etdirilməsi razılaşdırılıb.
“Bu prosesin məntiqi davamı olaraq Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında sazişin razılaşdırılmış mətni xarici işlər nazirləri tərəfindən paraflandı. Bu, mühüm hadisədir. İmzalanmış birgə bəyannamədə qeyd olunduğu kimi, sənədin yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlər görülməlidir. Liderlər bu prosesi yekunlaşdırmaq üçün siyasi iradə nümayiş etdirirlər. Bu saziş Azərbaycanın milli maraqlarına tam uyğundur və Prezident İlham Əliyevin diplomatiyasının növbəti qələbəsidir”, – Samir Vəliyev vurğulayıb