Tehran-İrəvan xəttində yeni saziş: Bakı hansı strateji addımları atmalıdır?

Tehran-İrəvan xəttində yeni saziş: Bakı hansı strateji addımları atmalıdır?
14:55

Tehrana səfər edən Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti Məsud Pezeşkianla görüşüb. Görüşdə tərəflər arasında yaxın gələcəkdə hərtərəfli tərəfdaşlıq müqaviləsinin imzalanacağı anons edilib.

Mövzu ilə bağlı News365.az-a özəl açıqlama verən konfliktoloq Azər Hüseynov, Tehran-İrəvan xəttində gözlənilən yeni sazişin şifrələrini və Bakının atmalı olduğu strateji addımları təhlil edib.

Ekspert hesab edir ki, sənəddə Azərbaycana qarşı birbaşa və açıq bəndlərin yer alması gözlənilməsə də, rəsmi Bakı prosesi diqqətlə izləməlidir:

“İran və Ermənistan rəhbərliyinin hər bir təması, eləcə də reallaşacaq istənilən yaxınlaşma Azərbaycan tərəfindən ciddi şəkildə nəzarətdə saxlanılmalıdır. Bu, bizim milli təhlükəsizliyimiz və beynəlxalq münasibətlər sistemimiz üçün zəruri yanaşmadır”.

Azər Hüseynovun sözlərinə görə, İranın Qərblə (ABŞ və İsrail) yaşadığı kəskin qarşıdurma fonunda Tehran Cənubi Qafqazda özünə yeni diplomatik manevr imkanları axtarır:

“Tehran hazırda ABŞ-nin regional siyasətinə qarşı çıxan və ya onun mövqeyini dəstəkləməyən ölkələrlə əlaqələri genişləndirmək niyyətindədir. Bu səbəbdən son vaxtlar Azərbaycan, Ermənistan və Gürcüstanla dialoqda müəyyən canlanma hiss olunur. Lakin Ermənistanla imzalanacaq yeni sənədin hər bir bəndi – xüsusilə təhlükəsizlik, hərbi-texniki tərəfdaşlıq, enerji və logistika sahələri incəliklərinə qədər analiz edilməlidir. Azərbaycanın maraqlarına toxuna biləcək hər hansı risk aşkarlanarsa, preventiv diplomatik və siyasi gedişlərlə bunun qarşısı dərhal alınmalıdır”.

Konfliktoloq həmçinin diqqətə çatdırıb ki, İrəvanın ABŞ ilə son dövrlərdəki hərbi və strateji yaxınlaşması İran daxilində ciddi narahatlıq və şübhələr doğurur. Ekspert Bakının bu ziddiyyətdən öz xeyrinə istifadə etməli olduğunu vurğulayıb:

“İran Ermənistanın Qərbə tərəf meyllənməsini qısqanclıqla izləyir. Azərbaycan bu kəşfiyyat və siyasi amildən rıçaq kimi istifadə etməlidir. Ermənistanın İranla regional müttəfiqliyini daha da dərinləşdirməsinin qarşısını almaq üçün mövcud siyasi və diplomatik mexanizmlərlə bu yaxınlaşmanı bloklamalıyıq”.


Sizin reklam burada
Sizin reklam burada