ABŞ və İran arasında yaxın günlərdə imzalanması gözlənilən 14 maddəlik memorandumun regional proseslərə təsiri müzakirə olunur.
Politoloq Əhməd Şahidov News365.az-a açıqlamasında bildirib ki, sözügedən razılaşma təkcə Yaxın Şərqdə gərginliyin azalmasına deyil, həm də Cənubi Qafqazdakı geosiyasi vəziyyətə təsir göstərə bilər.

Ekspertin sözlərinə görə, Vaşinqtonun regionla bağlı əsas maraqlarından biri Azərbaycan və Ermənistan arasında sülhün möhkəmlənməsi fonunda yeni nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılmasıdır. O hesab edir ki, ABŞ-İran münasibətlərində müşahidə olunan yumşalma İranın Cənubi Qafqaz siyasətinə də təsirsiz ötüşməyəcək.
Əhməd Şahidov qeyd edib ki, İran uzun müddət regionda öz maraqlarına uyğun olmayan layihələrə ehtiyatla yanaşıb və bəzi hallarda açıq etirazını ifadə edib. Lakin onun fikrincə, Vaşinqton və Tehran arasında əldə olunacaq yeni razılaşma fonunda bu yanaşmada müəyyən dəyişikliklərin baş verməsi mümkündür.
Politoloq bildirib ki, ABŞ-ın İranla anlaşmaya getməsi yalnız Yaxın Şərqlə bağlı məsələlərin həllinə hesablanmayıb. Bu prosesin digər regionlarda, o cümlədən Cənubi Qafqazda da siyasi mühitə təsir göstərə biləcəyi ehtimal olunur.
Şahidovun sözlərinə görə, 2020-ci ildən sonra gündəmdə olan nəqliyyat dəhlizlərinin reallaşdırılması məsələsində müxtəlif geosiyasi maraqlar toqquşub. O hesab edir ki, regionda sülh və əməkdaşlığın güclənməsi bu layihələrin həyata keçirilməsi üçün daha əlverişli şərait yarada bilər.