Qış aylarında daha sürətlə yayılan qrip (influenza) virusu yenidən təsirini artırıb.
News365.az xəbər verir ki, uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssis Dr. Ercan Kayış valideynlərə vacib tövsiyələr verib.
Xəstə uşaqların məktəbə göndərilməməsinin vacibliyini vurğulayan mütəxəssis bildirib ki, bu addım həm övladınızı, həm də digər uşaqları infeksiyadan qoruyur. “Əgər uşağınızda yüksək hərarət, nəfəs darlığı və davamlı öskürək müşahidə edirsinizsə, vaxt itirmədən həkimə müraciət edin”, – deyə o qeyd edib.
Dr. Kayışın sözlərinə görə, xüsusilə kiçik yaşlı uşaqlarda qrip virusu hərarət, əzələ ağrıları, üşütmə, halsızlıq və iştahsızlıq kimi əlamətlərlə özünü göstərir. Əgər xəstəlik vaxtında müalicə edilməzsə, orta qulaq iltihabı, sətəlcəm və bronxit kimi ağırlaşmalara səbəb ola bilər. Bundan başqa, RSV (Respirator Sinsitial Virus) xüsusilə 2 yaşdan kiçik körpələrdə ciddi tənəffüs problemlərinə yol aça bilər.
Uşaqları infeksiyalardan necə qorumaq olar?
Mütəxəssis valideynlərə uşaqların immun sistemini gücləndirmək üçün aşağıdakı məqamlara diqqət etməyi tövsiyə edib:
• Vitamin C tərkibli meyvələrin, protein mənbələrinin və bol mayenin qəbuluna üstünlük verin.
• Əl gigiyenasına ciddi riayət edin, çünki viruslar əsasən əllər vasitəsilə yayılır.
• Sıxlıq olan qapalı məkanlardan uzaq durun. Körpələr üçün bağçalar, məktəblər və oyun meydançaları yoluxma riskini artırır.
• Xəstə uşaqları məktəbə göndərməyin! Bu, həm onların, həm də ətrafdakılar üçün vacibdir.
• Əgər uşağınızda yüksək hərarət, nəfəs darlığı və davamlı öskürək varsa, dərhal həkimə müraciət edin.
Mütəxəssis vurğulayıb ki, erkən diaqnoz və düzgün müalicə ağır fəsadların qarşısını ala bilər.