Mətbuat Şurasında şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş "Jurnalist ömrünün əbədiyyət nəğməsi" kitabının təqdimatı keçirilib.
Mətbuat Şurasından News365.az-a verilən xəbərə görə, Şuranın icraçı katibi Əvəz Rüstəmov nəşrin böyük qədirbilənlik nümunəsi olduğunu vurğulayıb.
Milli Məclisin deputatı, təqdimatı keçirilən kitabın rəyçisi Rizvan Nəbiyev çıxışında Məhərrəm İbrahimovun həyatını itirdiyi mina terrorunun qlobal təhlükə mahiyyətindən söz açıb.
Jurnalist fəaliyyətinin belə təhlükələrdən sığortalanmadığını bildirərək, şəhid jurnalistin fədakarlığına diqqət çəkib.
MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Vüqar Rəhimzadə vurğulayıb ki, Məhərrəm və Azərbaycan Televiziyasının operatoru Siracın Abışovun faciəsi erməni vandalizmini dünyaya bir daha nümayiş etdirib: “Biz bu hadisəni duyarkən bir daha əmin olduq ki, jurnalistlər öz peşə fəaliyyətini yerinə yetirmək üçün ölümün gözünə dik baxırlar. Şəhid jurnalistlərin həyatı təkcə jurnalistlər üçün deyil, bütün cəmiyyətimiz üçün də bir örnəkdir”.
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli xatırladıb ki, Vətən müharibəsindən sonra Sirac və Məhərrəm yarım ildən çox cəbhə bölgəsində olublar: “Onlar həmin ərazilərdə bütün dağıntıları, vandalizmi toplayıb, ərsəyə gətirirdilər. Onların topladıqları faktlar o qədər çox idi ki, bir neçə belə kitaba yerləşməzdi. Onları iki dəfə geri çağırdılar ki, başqası əvəz etsin. Amma bu işi o qədər sevərək görürdülər ki, geri qayıtmağı istəmədilər. Öz həyatlarını riskə ataraq çox əhəmiyyətli reportajlar hazırladılar”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, media bütün zamanlarda hər zaman Qarabağ məsələsini diqqətdə saxlayıb: “Hər gün Qarabağ haqqında yazılırdı. Ona görə müasir nəsil Qarabağ haqqında çox məlumatlıdır. Məhərrəm və Siracın həmyaşıdları vaxtilə Azərbaycanın yaşadığı faciələri öz gözləri ilə görüblər, öz torpaqlarından didərgin salınıb, məcburi köçkün düşüblər. Mən bu kitabın Qərbi Azərbaycanda təqdimatının keçirilməsini arzu edirəm. Çünki Qərbi azərbaycanlıların da öz torpaqlarına qayıtmaq haqqı var”.
Çıxış edənlərdən Məhərrəm İbrahimovun keçdiyi qısa və şərəfli ömür yolunun örnək mahiyyət daşıyan tərəflərindən söz açıb, xatirələrini bölüşüblər. Onlar həmçinin şəhid jurnalistə həsr olunmuş kitabın ictimai və mənəvi əhəmiyyətini əsaslandırıblar.
Qeyd edək ki, 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində jurnalistləri daşıyan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb, partlayışda “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb.