İsrailin ABŞ-dakı səfirliyinin iki əməkdaşının qətlə yetirilməsi beynəlxalq ictimaiyyətdə və xüsusən də İsrail siyasi rəhbərliyində dərin sarsıntıya səbəb olub. Hadisə bu gün səhər saatlarında baş verib. Məlumata görə, silahlı şəxslər səfirlik binasının yaxınlığında iki əməkdaşa hücum edərək onları yerindəcə qətlə yetiriblər.
News365.az xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu məsələ ilə bağlı sərt bəyanatla çıxış edib.
“Bu vəhşi terror aktını qətiyyətlə pisləyirəm. Həlak olan diplomatlarımızın ailələrinə və bütün xalqımıza başsağlığı verirəm. Bu yalnız İsrailə deyil, bütün sivil dünyaya qarşı yönəlmiş hücumdur. Mən ABŞ-dakı səfirimizlə və ABŞ Baş prokuroru ilə dərhal əlaqə saxladım və İsrailin bütün diplomatik nümayəndəliklərində təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyəyə qaldırılması barədə göstəriş verdim,” – deyə Netanyahu İsrail mediasına bildirib.
Baş nazir hadisəni antisemitik terror adlandırıb və hücumun arxasında duranların məsuliyyətə cəlb olunacağını bildirib.
İsrailin xarici işlər naziri Gideon Saar da hadisəyə münasibət bildirib:
“Vaşinqtonda baş vermiş bu səhər terror aktı məni dəhşətə gətirdi. Bu, bizim diplomatik nümayəndələrimizə qarşı həyata keçirilmiş açıq terrordur və cəzasız qalmayacaq.”
İsrail Prezidenti İsxaq Hersoq isə hadisəni "antisemitik terror aktı" kimi xarakterizə edərək bildirib:
“Vaşinqtonda baş vermiş bu vəhşi hücum yəhudi xalqına qarşı yönəlmiş dəhşətli bir terror aktıdır. Dünya ictimaiyyəti susmamalıdır. Bütün beynəlxalq təşkilatlar bu barbarlığa qarşı birgə səs çıxarmalıdır.”
ABŞ Prezidenti Donald Tramp da “Truth Social” hesabında Vaşinqtonda İsrail səfirliyinin əməkdaşlarının güllələnərək öldürülməsinə münasibət bildirib:
“Açıq-aşkar antisemitizmə əsaslanan dəhşətli qətllər dərhal dayandırılmalıdır! ABŞ-da nifrət və radikalizmə yer yoxdur. Həlak olanların ailələrinə başsağlığı diləyirəm. Belə şeylərin baş verməsi çox təəssüf doğurur!”.