Nura Suri: "Şadlıq sarayları vergi ödəmədən milyonlar qazanır, amma hamı susur!"
News365.az xəbər verir ki, tanınmış ifaçı və ictimai fəal Nura Suri sosial şəbəkədəki paylaşımı ilə növbəti dəfə cəmiyyətin diqqətini mühüm bir məsələyə yönəldib. O, toy mərasimlərinin keçirildiyi şadlıq saraylarında vergi və rəsmi ödəniş sisteminin olmamasını tənqid edib.
“Evinizdə çörək bişirib satsanız, dərhal vergi qapınızı kəsdirəcək ki, cərimə ödə, çörəyi satanda çek verməmisiniz. Bəs necə olur ki, 50-500 min manat arası şadlıq sarayına ödəniş edilir, amma nə çek verilir, nə də kimsə tələb edir?” – deyə sənətçi bildirib.
Nura Suri, həmçinin, həmin obyektlərin sənədlərdə “adi adamların” adına olduğunu və bu qədər dövriyyəyə rəğmən heç bir araşdırma aparılmadığını da vurğulayıb. O, qeyd edir ki, banklara 10 min manat pul yatıran vətəndaşlardan belə sorğu-sual olunur, amma milyonlar dövr edən şadlıq saraylarına göz yumulur.
İfaçı əlavə edib ki, bu obyektlərdə fotoqrafdan tutmuş tort hazırlayanadək hamının qazancından faiz alındığını və monopoliya qurulduğunu bildirib: “İnsanların çörəyinə bais olub mafiya qurublar. Hamıdan faiz alırlar.”
Sosial şəbəkədə paylaşılan statusunun böyük rəğbətlə qarşılandığını deyən Nura Suri cəmiyyətin səssizliyini də tənqid edib: “Niyə gözləyirsiniz ki, mən yazım? Niyə özünüz danışmırsınız?”
Ən sonda isə ifaçıya qarşı bəzi təhdidlər olduğu da diqqətdən yayınmayıb: “Zəng edirlər ki, ‘nəyinə lazımdır yazma, sabah uşağına nəsə olar’. Qoy şərləsinlər, ya da uşağıma nəsə etsinlər. Bu nə qorxudur içinizdə?”
Qeyd edək ki, bu cəsarətli çıxış sosial şəbəkələrdə geniş rezonans doğurub.