Martın 10-da 1973-cü il təvəllüdlü şəxs Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən 2 saylı doğum evinin Patologiya şöbəsinə süni mayalanmadan (EKM) sonrakı hamiləlik, 34 həftə 4 günlük hamiləlik və vaxtından əvvəl doğuş təhlükəsi səbəbi ilə hospitalizasiya olunub.
Bu barədə Sabunçu Tibb Mərkəzindən məlumat verilib.
Bildirilib ki, pasiyentə kliniki və laborator müayinələr aparılıb, hipotenziv müalicə fonunda nəzarətdə saxlanılıb:
"Martın 14-də saat 10:00-da döl sularının axması səbəbi ilə xəstə əməliyyat blokuna köçürülüb və saat 10:30-da əməliyyata götürülüb.
Əməliyyat zamanı çəkisi 2 100 qram, boyu 47 sm olan oğlan, çəkisi 2 050 qram, boyu 46 sm olan qız dünyaya gəlib. Hər iki yenidoğulmuş Apqar şkalası üzrə 7/7 balla qiymətləndirilib. Zahı qadın Reanimasiya şöbəsinə köçürülüb. Əməliyyatdan iki saat sonra hipotonik qanaxma baş verib və müvafiq müalicə tədbirləri görülüb. Daha sonra relaparotomiya və uşaqlığın ekstirpasiyası əməliyyatı icra olunub.
Martın 15-də saat 01:30-da xəstənin vəziyyəti qəfil pisləşib, boğulma, sianoz (göyərmə) və tənəffüs çatışmazlığı müşahidə olunub. Aparılan intensiv reanimasiya tədbirlərinə baxmayaraq, saat 02:30-da xəstədə bioloji ölüm faktı qeydə alınıb".